"İlk oyunu uduzmuşuq. Ağır məğlubiyyəti unutdurmaq istəyirik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov evdə İslandiyaya qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis bildirib ki, İslandiya Ukrayna ilə oyunda məğlubiyyətə layiq deyildi.
Abbasov heyətdəki itkilər və problemlərdən də danışıb: "Hücum xəttində Mahir Emreli zədəlidir, Emin Mahmudovin oynayıb-oynamayavağı bilinmir. İslandiyanın oturuşmuş heyəti, aparıcı çempionatlarında çıxış edən futbolçuları, özünəməxsus oyun üslubuna malik baş məşqçiləri var. Qollardan sonra dağınıqlıq oldu və bu da böyük hesablı məğlubiyyətlə yekunlaşdı. Əsas odur ki, istəyimiz var. Hər oyuna çıxanda qələbə istəyimiz olur, futbolçular da bunu istəyirlər. Rəqib təzyiq altındadır, biz isə rahat futbolumuzu oynaya bilərik".
O, hər oyunda qol vurmaq istədiklərini söyləyib: "Millimizin hücum potensialı var. Qələbə qazanmaq istəyirsənsə, mütləq qol vurmalısan. Tək bu oyunda yox, digər oyunlarda da standart vəziyyətlərdən qol buraxdıq. Sabah bu məqama da diqqət yetirəcəyik. Futbolçulara inamı verməliyik. Çünki inam məşqçilərdən futbolçulara keçir. Meydançada istəkli olmağa heç nə mane olmur. Son oyunlarda futbolçularımız bunu göstərdilər. Davam etməliyik və bu yöndə işlər davam edir".
Abbasovun digər açıqlamaları isə belə olub:
Şahrudin Məhəmmədəliyev cəzalı olduğu üçün İslandiya ilə matçda 3 qapıçı olmalıdır. Rza Cəfərova dəstək olmalı, özü isə qışdan sonra özünə oynaya biləcəyi komanda tapmalıdır.
Kamran İbrahimova gəlincə, biz ayrı-ayrı oyunçuları müzakirə etmirik. Az oynayan qapıçının təcrübəsi də önəmlidir.
Elvin Cəfərquliyevin yoxluğu bizim üçün böyük itkidir. Lakin əvvəlki matçlarda Musa Qurbanlı və Mahir Emreli bizə kömək etmişdi. Onların da yoxluğu ciddi itkidir. Sabah Rüfət Abbasovu meydanda görə bilərik. Amma kimin oynayıb-oynamaması yaralı yerimizdir. Futbolçularla çox danışırıq. İnanıram ki, gələn mövsüm daha çox oynayacaqlar.
"Turan Tovuz"dan Faiq Hacıyevi çağırırdıq, yenə çağırmaq istəyirdik. Amma Rüfət Abbasova üstünlük verdik. Bir dəfə bu barədə danışmışdım, səhv başa düşüldü.
Xəyal Əliyev istedadlı futbolçudur. Onunla danışığımız olub. Gələcəkdə milliyə xeyir verə bilər. Təkcə o yox, digərlərinə də tövsiyələrimizi veririk.
Millimizdə sistem eyni deyil, fərqlidir. Amma istək fikri ilə razıyam.
Milliləşdirilməyə hazırda lüzum görmürəm. 2-3 futbolçu bizi Avropa çempionatına çıxaracaqmı? Mən öz futholçularıma inanıram.
Abbasov aşağı yaş qrupları üzrə yığmaların çıxışları barədə də danışıb: "3-4 gün əvvəl AFFA-da idim. Çox çətin məsələdir. Deməli, biz onlardan zəiflik. Biz bir addım atanda onlar beş addım atırlar. Təslim olmamalı, bir az da aktiv olmalıyıq. Klublardakı iş önəmlidir. Bəlkə də uşaq futbolu ayrılmalı, uşaq komandalarının sayı artmalıdır.














































































