Azərbaycan milli komandası 2026-cı ol dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib İslandiya millisi olub.
Bakıdakı "Palms Sports Arena"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
İslandiya yığması hər iki qolu ilk yarıda vurub. Albert Qudmundsson 20-ci, Sverrir İnqason 39-cu dəqiqədə fərqlənib.
İkinci hissədə meydan sahiblərinin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Beləliklə, 1 xala malik Azərbaycan millisinin D qrupunu sonuncu pillədə bitirəcəyi dəqiqləşib. İslandiya isə xalını 7-yə çatdıraraq, eyni xala malik Ukrayna ilə 2-3-cü yerləri bölüşdürür.
DÇ-2026, seçmə mərhələ
D qrupu
13 noyabr
21:00. Azərbaycan - İslandiya - 0:2
Qollar: Albert Qudmundsson, 20; Sverrir İnqason, 39
Azərbaycan: 12. Aydın Bayramov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 5. Anton Krivotsyuk, 3. Rüfət Abbasov, 13. Abbas Hüseynov, 20. Abdulla Xaybullayev (22. Anatoli Nuriyev, 84), 8. Emin Mahmudov (k) (11. Rüstəm Əhmədzadə, 60), 19. Xəyal Əliyev (17. Rüfət Abdullazadə, 72), 7. Toral Bayramov (16. Ceyhun Nuriyev, 60), 10. Nəriman Axundzadə (9. Renat Dadaşov, 72)
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 15. Bədavi Hüseynov, 18. Cəlal Hüseynov, 21. Qismət Alıyev, 6. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
İslandiya: 1. Elias Rafn Olafsson, 5. Sverrir İnqi İnqason, 3. Daniel Leo Qretarsson, 14. Mikael Eqill Ellertsson, 4. Viktor Palsson, 7. Yohann Berq Qudmundsson (11. Yon Daqur Torsteinsson, 68), 8. İsak Berqmann Yohannesson (16. Stefan Teytur Tordarson, 90), 9. Hakon Arnar Haraldsson (k), 20. Kristian Hlinsson (21. Daniel Qudyonsen, 68), 10. Albert Qudmundsson (6. Gisli Tordarson, 90+1), 22. Andri Qudyonsen (15. Brinyolfur Villumsson, 68)
Ehtiyat oyunçular: 12. Hakon Rafn Valdimarsson, 13. Anton Ari Eynarsson, 17. Aron Einar Qunnarsson, 18. Andri Fannar Baldursson, 19. Byarki Steinn Byarkason, 23. Hyordur Byörqvin Maqnusson
Baş məşqçi: Arnar Qunnlauqsson
Qeyd edək ki, Azərbaycan millisi qrupda son matçını noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığmasına qarşı keçirəcək.
----------------------
Bu gün Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv İslandiya ilə üz-üzə gələcək.
"Palms Sports Arena"da təşkil olunacaq görüş saat 21:00-da başlanacaq.
Hazırda D qrupunda yer alan komandalardan İslandiya 4 xalla 3-cü, Azərbaycan 1 xalla 4-cü yerdə gedir. Qrupun digər matçında üz-üzə gələcək Fransa ilə Ukrayna isə müvafiq olaraq, 10 və 7 xalla ilk 2 yerdə qərarlaşıb.
İslandiya 2-ci yerə yüksəlmək üçün Bakıdakı görüşdən qalib ayrılmalı və Ukraynanın Fransaya məğlubiyyətini gözləməlidir. Bu halda skandinaviyalılar son turda Ukrayna ilə qarşılaşmanı da qələbə ilə başa vurmalıdırlar.
Heç bir şansı qalmayan Azərbaycan yığması xal ehtiyatını artırmaq üçün meydançaya çıxacaq. Komandaya "Qarabağ"dan dəvət almış Elvin Cəfərquliyev yüksək qızdırması səbəbindən geri qaytarılıb. Kapitan Emin Mahmudovun zədə üzündən oynamayacağı gözlənilir. Mahir Emreli isə Almaniya "Kayzerslautern"inin heyətində ağır zədə aldığı üçün milliyə dəvət edilməyib.
Xatırladaq ki, qrupun ilk tur oyununda Azərbaycan səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzduqdan sonra AFFA baş məşqçi Fernandu Santuşu istefaya göndərib.
13 noyabr
21:00. Azərbaycan - İslandiya - 0:2
Qollar: Albert Qudmundsson, 20. Sverrir İnqason, 39
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Vladan Todoroviç, Srcan Yovanoviç
Dördüncü hakim: Miloş Boşkoviç
(Hamısı Monteneqro)
VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi Serbiya)