Gəncə şəhəri aerobika gimnastikası üzrə gənclər və 15 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatına ev sahibliyi edib.
Sportnet.az xəbər verir ki, Gəncə İdman Sarayında 3 gün davam edən yarışda 20 ölkədən 380 gimnast iştirak edərək qitə birinciliyi uğrunda mübarizə aparıb.
Yarışın birinci və ikinci günlərində gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramlarında təsnifat mərhələsində çıxış ediblər. Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma mərasimi baş tutub.
Sonuncu yarış günündə isə final mərhələsində fərqlənən gimnastlar Avropa çempionu adını qazanıblar.
Gəncədə ilk dəfə keçirilmiş mötəbər yarışa Avropanın müxtəlif ölkələrindən gimnastların valideynləri və yaxınları da gələrək onlara dəstək olublar. Gəncəyə gələn nümayəndə heyətləri şəhərin qədim tarixinə, gözəlliyinə, insanların qonaqpərvərliyinə və yerli mətbəxin dadlı yeməklərinə heyran qalıblar.
İştirakçılar və nümayəndə heyətləri tərəfindən Gəncə şəhərində yaradılan şərait və təşkilatçılıq yüksək qiymətləndirilib.
Beləliklə, Gəncə idman tarixində daha bir əlamətdar səhifə yazıb. Bu şəhər yalnız tarixi və mədəni irsi ilə deyil, həm də beynəlxalq idman arenalarına ev sahibliyi edən müasir və qonaqpərvər şəhər kimi yadda qalıb.


























































































