"Çempionluğumuzu səfər matçında barışmaz mübarizədə rəsmiləşdirdik. Bu sevinci heç nə ilə müqayisə etmək olmaz. Bu, yeni bir mədəniyyət və təcrübədir”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın futbolçusu Yakub Jezniçak "Przeglad Sportowy” portalına müsahibəsində deyib. 32 yaşlı polşalı mərkəz müdafiəçisi Ağdam təmsilçisinin çempionluğu rəsmiləşdirdiyini, Azərbaycan Premyer Liqasında ikinci pillədə qərarlaşan "Qəbələ”ni 17 xal qabaqladıqlarını söyləyib: "Qarabağ” Ağdamı təmsil edir. Hazırda orada hərbi vəziyyət mövcud olduğu üçün komanda Bakıda məskunlaşıb və ev oyunlarını burada keçirir. Paytaxtda elə də çox azarkeşimiz yoxdur. Çempion olmaq borcumuz idi və bu, artıq adi hal kimi qəbul olunur. Hazırda ikinci pillədəki komanda üzərində 17 xallıq üstünlüyümüz var”.
Jezniçak deyib ki, hazırkı klubunda işləyənlər "Qarabağ”ın Çempionlar Liqasında (ÇL) sabiq komandası "Legiya” ilə düşməsini istəmirlər: "Çünki Polşa klubu UEFA reytinqində Azərbaycan çempionunu ötüb. "Legiya”ya azarkeşlik edirəm və ÇL-də görüşməməyə üstünlük verərdim”.