AFFA Gənclər Liqasının qalibi olduqdan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, klub rəsmisi çempionluq təəssüratlarını bölüşüb...
- Açığı, "Qarabağ”la çempionatdakı digər matçlarımız daha maraqlı keçmişdi. Çox güman ki, bu, uşaqların həyəcanı ilə əlaqədar idi. Həm də sözsüz ki, heç-heçə bizə sərf edirdi. Ona görə komandamız müdafiə futbolu sərgilədi. İstənilən halda bu uşaqlar öz balalarımızdır. Azərbaycanın gələcəyi olacaqlar. Bu futbolçular əvvəlcə U-21, daha sonra əsas yığmada oynamağa hazırdırlar. Bu yaşda çempionluq vacib deyil. Əsas odur ki, yaxşı, keyfiyyətli futbolçu yetişdirəsən. Amma uşaqların çempionluğun dadını bilməsi və əzmkar olmaları üçün titul da önəmlidir.
- Ötən mövsüm "Qarabağ” heyətinə UEFA Gənclər Liqasında çıxışı üçün bir neçə legioner qatdı. "Qəbələ” bu praktikadan yararlanacaq?
- Mən də istərdim ki, turnirdə uğurlu çıxış edək. Ancaq mən bunun o qədər də tərəfdarı deyiləm. Öz yerli futbolçularmızın təcrübə qazanmalarını istəyirəm.
- "Qəbələ” oyunda ilk zərbəni 44-cü dəqiqədə vurdu. Komandanın potensialı budur, yoxsa həyəcandan irəli gəlirdi?
- Bir az öncə vurğuladığım kimi, "Qarabağ”la ötən oyunlarımız gərgin olmuşdu. Əvvəlki matçlarımıza da baxmışam. Fərdi olaraq, yaxşı futbolçularımız var. Həm də komanda şəklində fərqli oyun sərgiləyirik. Sadəcə, bu gün darıxdırıcı oyun nümayiş etdirdik. Sizinlə razıyam.
- UEFA Gənclər Liqasında komandanın baş məşqçi postunda Famil Xəlilov qalacaq, yoxsa daha təcrübəli baş məşqçiyə güvənəcəksiz?
- Biz "Qəbələ”də tək futbolçu deyil, məşqçi də yetişdirik. Famil müəllim də təcrübə toplamalıdır. Azərbaycanda qala-qala buna nail ola bilməz. Ancaq bu qərarları akademiyamızın direktoru verir. Onun təkliflərini dəyərləndiririk. Ancaq mən onun qalmasının tərəfdarıyam. UEFA Gənclər Liqasında çempion olası deyilik. Amma məşqçilər də təcrübə toplamalıdırlar.