"Kəpəz"in futbolçusu Şəhriyar Əliyev Topaz Premyer Liqasının XXVII turunda "Zirə"yə səfərdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra Sportnet.az-a müsahibə verib. Müdafiəçi öncə matç haqda fikirlərini bölüşüb...
- Bəzi söz-söhbətlər var idi ki, komandanın motivasiyası aşağıdır. Düzdür, mövsümün sonudur, amma necə mübarizə apardığımızı hər kəs gördü. Sadəcə, səhvlərimizdən məğlub olduq.
- Qırmızı vərəqə epizodu ilə bağlı nə deyə bilərsən? Milan Düriçin sənə zərbə endirməsinə nə səbəb oldu?
- Hər şey oyun epizodu zamanı baş verdi və toqquşduq. O da çevrilib mənə başla zərbə endirdi. Ümumiyyətlə, hakimin verdiyi qərarı müsbət qiymətləndirirəm.
- Premyer Liqanı tərk etməyinizlə bağlı nə deyə bilərsən?
- Biz də çox şey istəyirik. Görək də, mövsümün sonudur.
- Komandadan getməyi düşünürsən, yoxsa qalıb birinci divizionda oynamağı?
- Komanda Premyer Liqada burada qalacaqsa, hamımız qalıb oynamaq istəyirik. Hər şey qarşıdakı günlərdə məlum olacaq.
- Deyilənə görə, ölkə xaricindən təkliflərin var...
- Təkliflər hər yerdən olur: İstər ölkə xaricindən, istərsə də yerli komandalarımızdan. Sadəcə, çempionatın sonunu gözləyirik. İnanıram ki, hər şey yaxşı olacaq.