Avroliqada "Qarabağ"ın rəqibi olan Ukraynanın "Dnepr" klubunun futbolçusu Ruslan Rotan Ukraynanın "Komanda" qəzetinə müsahibə verib. Sportnet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi komandasının qrupdakı çıxışları və problemləri, eləcə də "Qarabağ"la oyunlar haqda danışıb.
- "Dnepr"in "Sent-Etyen" ilə oyununa harada baxdınız?
- Belə qərara gəldik ki, komanda ilə birgə getsəm, sağalmayacam. Ona görə evdə qaldım və məşq etdim. Oyunu televizor vasitəsi ilə izlədim.
- Sizcə, oyun necə keçdi?
- "Sent-Etyen" çox yaxşı komandadır. Penaltini qola çevirə bilsəydik, qələbə qazanardıq. Ancaq "pley-off"a getmək yolunda rəqib meydanında heç-heçə də pis nəticə deyil.
- Sizin üçün hər şey "Qarabağ"la oyunda bəlli olacaq?
- Düşünürəm ki, "Qarabağ"la iki və "Sent-Etyen"lə cavab qarşılaşması bizim üçün həlledici olacaq.
- Artıq "İnter"ə yetişmək olmaz?
- Çox güman ki, xeyr. İtalyanlar artıq iki oyuna maksimum nəticə əldə ediblər. Belə görünür, biz ikinci yer üçün mübarizə aparacağıq.
- Komanda əsasən, avrokuboklarda problem yaşayır. 6 matçda cəmi bir qələbə qazanmısınız. Bu, nə ilə bağlıdır?
- Biz iki tur ardıcıl eyni heyətlə oynaya bilmirik. Zədə və cəza səbəbindən tez-tez heyət dəyişir. Əsas problemimiz də budur. Sabit çıxış edə bilmirik. Digər tərəfdən, yeni baş məşqçinin də gələcəyi deyilir. Bu halda yeni kollektiv qurulması üçün zaman lazım olacaq. Bir az səbr lazımdır.
- Hücumçulara nə olub? Artıq 3 oyundur ki, komanda qol vura bilmir.
- Vurulan və buraxılan qollara görə hamımız məsuliyyət daşıyırıq. Ona görə bütün günahı hücumçularda axtarmaq düzgün deyil. Söz verirəm ki, yaxın zamanda hər şey yaxşı olacaq".