Azərbaycan millisinin futbolçusu Araz Adullayev mayın 29-da Bakıda Qırğızıstan yığması ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Sportner.az xəbər verir ki, 26 yaşlı yarımçüdafiəçi əvvəlcə qarşıdakı yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb...
- Qarşıda bizi 3 oyun gözləyir. Çoxu deyir ki, sadəcə, yoldaşlıq görüşləridir. Lakin bizim üçün vacib oyunlardır. Bu matçlarda özümü yaxşı tərəfdən göstərmək istəyirəm.
- Kiprdə 33 oyunda forma geyinsəniz də, "Anortosis"də qalmadınız. Yenidən legioner həyatı yaşamaq istədiyinizi duymuşuq...
- Əlbəttə, xaricdə oynamaq, Azərbaycanı kənarda təmsil etmək istəyirəm. Lakin "Qəbələ” ilə 6 aylıq müqaviləm var. Buna görə, indidən nəsə deyə bilmərəm.
- Qurban Qurbanov milli üzvü olan yerli futbolçuların xarici ölkə çempionatlarında oynamasını istədiyini dedi. Sizə bu barədə nəsə məsləhət verib?
- Belə söhbətimiz olmayıb. Sadəcə, komanda haqda danışmışıq. Avropaya getmək barədə yox.
- "Anortosis”dən ayrılıq səbəbin nə idi: Baş məşqçi qalmağınızı istəyirdi, bəs siz?
- Əlbəttə, qalmaq istəyirdim. Karyeramı xaricdə davam etdirməyi arzulayıram. Lakin klublar arasında bəzi problemlər oldu. Hazırda "Qəbələ”nin üzvüyəm.
- "Anortosis”dən ayrılmağınız sizinlə, yoxsa "Qəbələ” ilə bağlı idi?
- Ola bilsin, klublar arasında pulla bağlı problem olub. Qabaqcadan bir şey deyə bilmərəm.
- Kipr çempionatını Azərbaycan Premyer Liqası ilə müqayisə edərdiniz...
- Orada 6 komanda ilk "üçlük" uğrunda mübarizə aparır. Burada isə cəmi 8 komanda çıxış edir. Hər halda, biz də burada yetişmişik. Öz ölkəm barədə pis heç nə demək istəməzdim.
- "Neftçi”də APOEL-ə qarşı çıxış etmişdiniz Hazırda orda klubların səviyyəsi necədir?
- "Anortosis” də yaxşı komandadır. Çempionatı 3-cü pillədə başa vurduq. Böyük fərq hiss etmədim. Güclü komandalardır.