"Matça yaxşı hazırlaşmışdıq və yaxşı da analiz etmişdik. Bunun da nəticəsində maraqlı oyun oldu. Üç qol vurduq və qələbə qazandıq. Buna da sevinirik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Ürfan Abbasov yoldaşlıq oyununda Qırğızıstanı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.
Müdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün qol vuracağını gözləyirdin?
- Sözün düzü, gözləmirdim. Amma epizod yarandı irəli getdim. Komanda yoldaşım da yaxşı ötürmə verdi, mən də bundan istifadə etdim.
- Qurban Qurbanovun gəlişindən sonra daha komandada daha çox etimad qazanırsan. Özünü əsas futbolçulardan hiss edirsən?
- Düzdür. Qurban müəllim oynamaq üçün mənə şans verir. Hər oyunda da bacardığımı etməyə çalışıram. Bundan sonra da etimad qazansam əla olar. Sevinirəm ki, əsas heyətdə oynayıram.
- Qol epizodunda ötürmə vermək barədə düşündün?
- Topu qəbul edən kimi niyyətim qapıya zərbə endirmək idi.
- Daha çətin rəqib olsaydı, yenə qapıya zərbə vurmağa risk edərdin?
- Daha ağır rəqib olsaydı yəqin ki, belə epizod olmazdı. Mən buna inanmıram. Fürsət oldu yüksək səviyyədə istifadə etdim.
- Rəqibin üstünlüyü ələ aldığı zamanlar oldu. Həmin anlarda nə baş vermişdi?
- Bəzi epizodlarda düzgün oynamadıq. Bunun nəticəsində də rəqib bizdən topa daha çox sahib ola bilirdi. Biz pressinqə hazır deyildik. Sonra is oyunu düzgün qurduq. Pressinqdən daha yaxşı çıxdıq.
- Əvəzetmələrin rolu oldumu?
- Əlbəttə. Oyuna sonradan daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərə bildilər.
- Böyük ehtimalla, Samir Abasov "Qəbələ"nin yeni baş məşqçisi olacaq. Onunla iş birliyinə hazırsan?
- Mən hazırda milli komandadayam. "Qəbələ”yə aid suallar verilməsəydi, daha yaxşı olardır.
- Bu məsələrlə bağlı narahat deyilsən?
- Xeyr. Niyə narahat olmalıyam? Kim yaxşıdırsa, o da oynayacaq. Yeni baş məşqçi kimə şans versə, o da meydanda olacaq.