"Hazırlıq prosesində son yoxlama oyunumuzdur. Təbii ki, məğlubiyyətdən sonra futbolçularda ruh düşgünlüyü var idi. Amma hamı başa düşür ki, indi səhvlərimiz olarsa, bu məğlubiyyətlər bizi daha çox işləməyə məcbur edəcək".
Sportnet.az xəbər verir ki, bunu Latviya ilə yoldaşlıq görüşündən əvvəl AFFA-nın rəsmi saytına açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov deyib.
46 yaşlı mütəxəssis bildirib ki, hər oyun heyətdə edilən dəyişikliklər futbolçuların hamısının potensialına bələd olmaq üçündür: "Hamısını ayrı-ayrılıqda tanısam da, bir yerdə işləmək onları mənə daha yaxından tanıdır. Hansısa epizodda futbolçulardan narazı qalsam da, ümumilikdə onlardan razıyam. Çünki indi hansı hisslər keçirdiyini də bilirəm. Təcrübəmiz göstərir ki, belə məğlubiyyətlər bəzən bizə kömək edir. İndi futbolçuların üzərinə çox getmək istəmirəm. Mövsümün sonudur və indiki məqamda istər-istəməz bacarıqlarından tam istifadə edə bilmirlər. Amma onlarla söhbətimiz oldu, hər biri peşəkardır".
Qurbanovun fikrincə, milli komandanın futbolçusu özünü müsbət tərəfdən təqdim etməlidir: "İstənilən halda, millinin formasında meydana çıxırsansa, hər şeyi yaddan çıxmalı və özünü yaxşı tərəfdən göstərməyə çalışmalısan. Əvvəlki oyunda demək olar, ilk dəqiqələrdə məğlub olduq və bu dəfə həmin səhvləri etməməyə çalışacağıq. Bacardığımız qədər komandanı oyuna hazırlaya bilmişik və inanıram ki, onlar sabahkı qarşılaşmada özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar”.