"Məlum səbəblərdən bir müddət futbolsuz qaldım. Müəyyən çətinliklər oldu. Çünki futbolsuz yaşamaq çox çətindir. Hamı oynamaq istəyir. Sevindirici haldır ki, oynamasam da, "Qəbələ"də məşqlərə başladım. Çox da məşqsiz qalmadım, mart ayından hazırlıqlarda iştirak edirdim. Əsas odur ki, komandanın təlim-məşq toplanışında iştirak edirəm və yenə gücümü yığa biləcəyəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rauf Əliyev klub televiziyasına açıqlamasında deyib. 29 yaşlı hücumçu çətin günləri arxada qoymaq istədiyini bildirib: "Bir növ futbola acam. Bir daha özümü göstərmək istəyirəm".
Təcrübəli forvard yeni baş məşqçisi Sənan Qurbanovun rəhbərliyi altında səylə hazırlaşdıqlarını söyləyib: "Sənan müəllim öz içimizdəndir. Sevindirici haldır ki, azərbaycanlıdır. Düşərgədə hər şey yolundadır. Yaxşı ab-hava var. Kollektiv mehribandır, hər kəs öz işini bilir. Hazırlığa iki gündür başlamışıq. İlk gündən məşqlərdə yükləmələr olur. Futbolda belə hallar normaldır. Hər şey yolundadır, hazırlaşırıq. Toplanışımız bundan sonra da bu qaydada davam etməsini gözləyirik".
Əliyev hədəflərindən də danışıb. O bildirib ki, "Qəbələ" iki dəfə Avropa Liqasının qrupuna düşdüyündən, Azərbaycan xalqı və azarkeşlər yenə eyni nəticəni istəyəcək: "Gözləntilər böyükdür. Əlbəttə, komandamızın da istəyi budur. Bunun üçün çox çalışmaq lazımdır. Çünki qrupa düşmək get-gedə çətinləşir. Hazırlaşacağıq ki, bunun öhdəsindən gələk. Topaz Premyer Liqasına gəldikdə, "Qəbələ"nin məqsədi həmişə çempionluq olub. Bunun üçün mübarizəmizi gələn mövsüm də davam etdirəcəyik".
Hücumçu eyni zamanda, azarkeşləri komandaya inanmağa və dəstəkləməyə çağırıb: "Onlara sözüm budur ki, komandaya inansınlar. İnanıram ki, "Qəbələ" bu il onları sevindirəcək. Ola bilsin, ötən mövsümkü nəticəyə görə, komandadan bir az küsüblər. Amma inanıram ki, bu il daha yaxşı nəticə olacaq. Mən də onları oyunumla, qollarımla sevindirmək istərdim".
Qeyd edək ki, Rauf Əliyev 2017-2018 mövsümündə "Keşlə"nin heyətində Avropa Liqasında çıxış etdikdən sonra Albaniyanın "Kukesi" klubuna keçib. Lakin o, qışda komandadan göndərilib. FİFA qaydalarına əsasən, futbolçu bir mövsüm ərzində 2-dən artıq komandada çıxış edə bilməz. Əliyev onu qaytarmaq istəyən "Keşlə"nin yarım illik müqavilə şərtini qəbul etmədiyindən, mövsümün ikinci yarısında heç bir klubda oynamayıb. Təcrübəli hücumçunu martın 28-də "Qəbələ" sıralarına qatıb.