"Çempionata qələbə ilə başladıq. Oyuna ciddi hazırlaşmış, rəqibi analiz etmişdik. Oyunçular baş məşqçinin tapşırığını yerinə yetirə bildilər. Ona görə də 2 qol vurmağa müvəffəq olduq. Müdafiədə isə etibarlı çıxış edik. Çempionatda bu cür davam etməyə, oyunumuzu daha da yaxşılaşdırmağa və lazımi xalları qazanmağa çalışacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev Topaz Premyer Liqasının II turunda "Səbail" üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.
Təcrübəli müdafiəçi bildirib ki, Çempionlar Liqasının III təsnifat mərhələsində BATE ilə cavab matçındam sonra komandanın üzərində stres olub: "BATE ilə görüşdə meydana çıxan futbolçuların çoxu bu gün meydanda yox idi. Baş məşqçimiz ağır oyundan sonra onlara istirahət vermişdi. Komandada isə bir az stres vardı. Bununla belə, yeni nəfəslə qalib gəldik və yolumuza davam edirik".
Medvedev Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Moldovanın "Şerif" komandasını da dəyərləndirib: "Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"i keçəndə çox əziyyət çəkdik. Doğrudan da yaxşı komandadır. Fərdi ustalığı yüksək olan güclü oyunçuları var. Hücumda yaxşı təsir bağışlayır, müdafiədə fiziki cəhətdən güclü, ucaboy oyunçulara malikdirlər. Ola bilər ki, bizdən revanş almağa çalışacaqlar. Lakin biz öz oyunumuzu sərgiləməli, imkanlarımızdan istifadə etməli, daha da diqqətli olmalıyıq. Çempionlar Liqasındakı səhvləri təkrarlamamalıyıq ki, sonradan "Niyə belə oldu" deyə fikirləşməyək".
Milli üzvü komanda yoldaşı Rəşad Sadıqovun BATE ilə hər iki matçda səhvə yol verməsindən də söz açıb: "Futbolda hər şey olur, hamı səhvə yol verir. Ötən mövsümlərə nəzər yetirsək, mənim də, digər futbolçularımızın da səhvləri olub. Elə vaxt olub ki, biz səhv edəndə kapitanımız bizi sığortalayıb. Təəssüf ki, son iki oyunda kapitan səhv edəndə heç kim onu sığortalaya, ona kömək edə bilmədi. Ona görə də bir çoxları kapitanın səhvini qabardır. O da insandır. Hər kəs səhv edə bilər. Əsas o deyil ki, kim səhv edib. Əsas o səhvi düzəltməkdir. Komanda olaraq səhvi düzəldə bilmədik. Ona görə də günah bütün kollektivin üzərindədir".