"Oyuna başlayan kimi qol vurduqda işiniz daha asan olur. Bu qoldan sonra ikinci də gəldi. İkinci hissədə isə etiraf edək ki, müdafiədə oturduq".
Sportnet.az xəbər verir ki, bunu səfərdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının III tur matçında "dubl" edən "Sabah" komandasının futbolçusu Marko Deviç deyib. Hazırda 4 qolla çempionatın bombardiri olan 35 yaşlı ukraynalı hücumçu digər sualları da cavablandırıb...
- 3 oyuna 4 qol vuracağınızı gözləyirdiniz?
- Açığı, mən hazırlığımı oyundan-oyuna qururam. Əlbəttə, gizlətmirəm ki, fərdi nəticəmin belə olmasına şadam. Amma bundan yüksəkdə komandamın nəticəsini qoymaq istəyirəm. Fikrimcə, çempionata yaxşı başlamışıq. Şadam ki, "Sumqayıt"a böyük hesablı məğlubiyyətdən sonra özümüzə gələ bildik və uzun fasiləyə yaxşı əhval-ruhiyyədə yollanırıq.
- Müxtəlif ölkələrin çempionatlarında çıxış etmisiniz. Azərbaycan Premyer Liqasının sizin üçün daha rahat çempionat olduğunu demək olar?
- Belə deməzdim. Hələlik gördüyüm qədərilə çempionat çətin keçir. Ukraynada "Şaxtyor" və "Metallist"də çıxış etdiyim vaxt 26-27 yaşım var idi. Həmin vaxt özümü başqa cür hiss edirdim. Deyə bilmərəm ki, çempionatınız asandır.
- Yığdığınız təcrübə burada sizə kömək edir?
- Əlbəttə. Təcrübədən maksimum dərəcədə yararlanıram. Mənim üçün ən vacib məsələ fiziki cəhətdən sağlam olmağımdır. Çünki hər bir oyuna hazır olmaq üçün bu yaşda sağlamlığa fikir vermək lazımdır.
- Düz 10 il əvvəl Ukrayna Premyer Liqasının bombardiri olmusunuz. Bu mövsüm də belə imkanınız var. Azərbaycan Premyer Liqasının ən məhsuldar oyunçusu olmaq hədəfiniz var?
- Doğru dediniz, Ukraynada bombardir olmuşdum. Amma burada qarşıma belə bir hədəf qoymayacağam. Əlbəttə, daha çox qol vurmağa çalışacağam ki, komandama xeyri dəysin, aşağıda yox, yuxarıda olaq. Mənim ilkin vəzifəm qol vurmaqdır. Komandama və xüsusən, baş məşqçimizə təşəkkür edirəm. Bu qələbə daha çox onun əməyinin nəticəsidir. Çünki Elşad Əhmədov "Zirə"ni yaxşı öyrənmişdi və bizə necə oynamağın gərəkliyini dedi. Biz də prinsipcə, yaratdığımız imkanlardan yararlandıq və rəqibə belə şans vermədik. Komandada özümü yaxşı hiss edirəm. Belə də davam etməsini istərdim.
- Əvvəllər Azərbaycanda oynamaq imkanınız olub?
- Xeyr. Açığı, əvvəllər bu barədə düşünməmişəm və belə variantları nəzərdən keçirməmişəm.
- Növbəti turda "Qəbələ"yə qarşı çıxış edəcəksiniz. Qarşıdakı görüş barədə nə düşünürsünüz və "Sabah"dan yenə qələbə gözləyə bilərik?
- Əlbəttə, buna çalışacağıq. Hər bir rəqibə hörmətlə yanaşırıq. Mənə deyilənlərə görə, "Qəbələ", "Qarabağ" və "Neftçi" həmişə yüksəkdə dururlar. Maraqlı oyun olacaq. Evdə çıxış edəcəyik. Azarkeşlərimiz önündə ilk görüşümüzdə "Sumqayıt"a məğlub olmuşduq, indi bəraət qazanmalıyıq. Hər şey mümkündür. Ümidvaram ki, "Zirə" üzərindəki qələbədən sonra komandamızda özünəəminlik bitməyib. Amma qalib gələcəyimizi bəyan etmək axmaqlıq olar.
- Bura gələn legionerlər üçün "Sabah" kimi komandalar tramplin rolunu oynayır. Sizin də belə bir fikriniz varmı ki, Azərbaycanın sadaladığınız daha güclü komandalarına keçəsiniz?
- Açığı, bu barədə düşünmürəm. Hələlik burada hər şey normaldır. Futbolçu həyatı elədir ki, bu gün bura çox lazımsan, sabah isə yox. Hələlik bu mövsümü "Sabah"da keçirməyə konsentrasiya olmuşam. Sonrası isə komandadan, bir çox məqamlardan asılıdır. Bir şey dəqiqdir ki, cari mövsüm başa çatandan sonra karyeramı başa vurmayacağam. Gələcəyini isə yalnız bizdən yuxarıda duran Allah bilər.