SSRİ yığmasının sabiq futbolçusu Xoren Oqanesyanın Ermənistan "Ararat"ından "Neftçi"yə oyun satma ittihamı ilə qovulmasından danışıb.
Sportnet.az xəbər verir ki, bu barədə 63 yaşlı mütəxəssisin özü "Matç TV"yə müsahibəsində bildirib. O deyib ki, hadisə 1985-ci ildə baş verib. Oqanesyan belə ittihamın kökündə "Ararat"ın ovaxtkı baş məşqçisi Arkadi Andreasyanla münaqişəsinin durduğunu bildirib: "1983-cü ildə mənimlə Andreasyan arasında konflikt baş verdi. Nəticədə kapitan sarğısından və əsas heyətdən məhrum edildim. İki il sonra isə "Neftçi"yə oyun satmaqda ittiham olundum. Açığı, həmin əhvalatı xatırlamaqdan iyrənirəm. Məni sındırmaq istəyən dörd yaramaz var idi. Onlardan biri idman komitəsində, digəri komandanın rəisi, üçüncüsü mərkəzi komitədən, dördüncüsü isə Nazirlər Sovetindən idi. Bildiyim qədərilə artıq hamısı ölüb. Sizcə, orada nə isə olsaydı, Yerevanda sakit gəzə bilərdim? Məni ittiham edirdilər, amma nəyə görəsə heç kim oyunu necə verdiyimi demirdi. Məgər bir yarımmüdafiəçi nəticə müəyyənləşdirə bilər? Oyundan əvvəl kiminlə danışmışam və ya kim mənimlə ünsiyyətdə olub? Heç bir fakt yoxdur. Yalnız mənim ünvanıma gözügötürməzlik var. Ayağımın altını qazmağı qərara aldılar, vəssalam. Bəlkə xarakterim, bəlkə də "Mercedes"im xoşlarına gəlmirdi..."
Qeyd edək ki, Xoren Oqanesyanın oyun satmaqda ittiham olunduğu vaxt 1985-ci il aprelin 21-də indiki Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. 88-ci dəqiqədə Maşallah Əhmədovun başla vurduğu qolu və "Neftçi"nin futbolçularının döyüşkən xarakterini meydanın mərkəzində alqışlaması Oqanesyana baha başa gəlib. Komanda yoldaşları 0:1 hesabı ilə uduzduqları görüşdən sonra onu paltardəyişmə otağında döyüblər.