"Bu cür iki qol buraxmaq olmaz. Matça çıxanda yüz faizlik güc sərf etməlisən. Biz isə qapımızda iki top görəndən sonra oynamağa başladıq. Bu cür olmaz. Əlbəttə, hamımız qaçırdıq, səy göstərirdik”.
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə”nin futbolçusu Edvinas Girdvainis Topaz Pemyer Liqasının XII turunda evdə "Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib. Litvalı legioner bildirib ki, iki qol buraxandan sonra dönüş etmək çətin olur:
- Yeni, yaxşı baş məşqçimiz var. Hər şey qaydasındadır, pullarımızı alırıq. Bizdən çox şey gözlənilir.
- Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranan fasilənin sizin xeyrinizə olmadığını söyləmək olar?
- Əlbəttə kömək edir. Yeni baş məşqçimiz var, o, öz oyun fəlsəfəsini bizə aşılamaq istəyir. Yenə deyirəm: onun dediklərinə daha çox qulaq asmalı, vəziyyəti dəyişməliyik. Bizim hər şeyimiz, yaxşı futbolçularımız var.
- Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra nələrsə dəyişib?
- Məsələn, nizam-intizam yaxşılaşıb. Baş məşqçi imicə malikdir, hamımız ona yaxşı münasibət bəsləyirik. Problem ondadır ki, biz daha çox güc sərf etməliyik. Bugünkü kimi olmaz.
- Növbəti turda "Qarabağ”la qarşılaşacaqsınız...
- Bütün matçlarda qalib gəlməliyik. Heç kimdən qorxmuruq. Biz pis komanda deyilik.
- Qışda bir çox legionerin "Keşlə”ni tərk edəcəyi deyilir. Siz bu siyahıda yer alacaqsınız?
- Açığı, bunu ilk dəfədir eşidirəm və bu barədə düşünmürəm.
- Həm Azərbaycan, həm də Litva yığması Millətlər Liqasında qrupdan çıxa bilmədi. Bu barədə nə deyə bilərsiniz?
- Biz C Liqasında Serbiya, Rumıniya və Monteneqro ilə çətin qrupda yer almışdıq. Hamısı güclü idi, uduzduq. Çox çalışdıq, amma reallıq budur ki, bu cür komandalara qarşı oynamağa hazır deyilik.
- Azərbaycanın əvəzinə Malta, Farer adaları və Kosovo ilə bir qrupda yer alsaydınız, necə olardı?
- Ötən tskildə Malta ilə bir qrupda idik, onlara qalib gəlmişdik. İndi bütün komandalar futbol oynamağı bacarır.
- Azərbaycanın Kosovoya 0:4 hesabı ilə uduzmağı sizin üçün gözlənilməz oldu?
- Əlbəttə, bunu gözləmirdim. Kosovo ilə Bakıdakı oyunu tribunadan izləyirdim. Bu məğlubiyyət mənim üçün sürpriz oldu.