1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" yenə qrupda qaldı - YENİLƏNDİ
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində V tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakı Olimpiya Stadionunda Portuqaliya "Sportinq"ni qəbul edib. Görüş qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin baş məşqçi Qurban Qurbanov qapını Hannes Halldorssona həvalə edib. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqovla Yakub Jezniçak, sağda Maksim Medvedev, solda Donald Gerye yer alıb. Yarımmüdafiənin mərkəzində Qara Qarayev, Simeon Slavçev və Miçel Madeyra "üçlüy"ü qərarlaşıb. Cinahlar Mahir Mədətovla Abdullah Zubirə həvalə olunub. Araz Abdullayev isə zədəli İnnosent Emeqaranın yoxluğunda hücumçu kimi meydana çıxıb.
Oyuna hücumlarla başlayan qonaqlar hesabı erkən açıblar. Yakub Jezniçak cərimə meydançası daxilində Bas Dosta qarşı kobud oynayıb. Zərərçəkən təyin olunan penaltini 5-ci dəqiqədə dəqiq yerinə yetirib - 1:0. Lakin "Qarabağ"ın cavab qolu özünü çox gözlətməyib. Artıq 14-cü dəqiqədə Donald Gerye rəqibin cərimə meydançasında cinahdan ötürülən topu sinəsi ilə Abdullah Zubirin qarşısına atıb. Mərakeşli yarımmüdafiəçi fürsəti boşa verməyib. Gəl ki, 20-ci dəqiqədə Brunu Fernandeş uzaq məsafədən vurduğu qolla yenidən "Sportinq"i önə çıxarıb. 33-cü dəqiqədə isə Luiş Nani solo-keçidini qolla yekunlaşdırıb.
Komandalar fasiləyə qədər hərəyə daha bir qol vurmağa yaxın olub. Miçel Madeyranın qapıçının başı üzərindən aşırdığı topu rəqib müdafiəçi xətdən çıxarıb. Brunu Fernandeşin zərbəsi isə qapı tirinə tuş gəlib.
"Qarabağ" ikinci hissəyə daha fəal başlasa da, qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Rəqib isə daha çox tempi öldürməyə və hesabı qorumağa çalışıb. Buna rəğmən, qonaqlar 65-ci dəqiqədə daha bir qol vurublar. Abdulay Diabi fərqlənib. 73-cü dəqiqədə isə Vendel "Sportinq"in 5-ci qolunu vurmağa yaxın olub. Ancaq onun baş zərbəsi qapının üstündən keçib.
Bununla belə, lissabonlular daha 2 qol vurmağı bacarıblar. Bruno Fernandeşlə Abdulay Diabi "dubl"a imza atıblar. Onlar müvafiq olaraq 75 və 81-ci dəqiqələrdə fərqləniblər.
Beləliklə, "Qarabağ" pley-offa vəsiqə qazanmaq baxımından nəzəri şansını da itirib. "Sportinq" isə İngiltərə "Arsenal"ı ilə birgə qrupdan çıxıb...
---------------
Bu gün "Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi V tur çərçivəsində Portuqaliya "Sportinq”ini qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 21:55-də start götürəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin yer aldığı E qrupunda ilk matçı məhz bu komandaya qarşı olub. Lissabonda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 54-cü dəqiqədə Rafinya vurub. "Joze Alvalade” stadionunda reallaşan qarşılaşmanın 88-ci dəqiqəsində isə Jovane Kabral fərqi artırıb.
Ağdamlılar bundan sonra evdə İngiltərə "Arsenal”ına 3, Ukraynanın "Vorskla” komandasına isə 1 cavabsız qolla uduzub. Sonuncu turda Poltavada 1:0 hesablı qələbəyə sevinən Azərbaycan çempionu hazırda 3 xalla sonuncu pillədə qərarlaşıb.
"Sportinq” isə səfərdə "Vorskla”nı 2:1 hesabı ilə məğlub etdikdən sonra evdə "Arsenal”a 1 cavabsız qolla yenilib. Lakin Londondan qolsuz heç-heçə ilə dönməyi bacarıb. Lissabonlular 7 xalla 2-ci pillədədirlər və ingilislərdən 3 xal geri qalırlar. "Qarabağ”la eyni xala malik ukraynalılar müsbət top fərqinə görə 3-cü yerdədirlər.
Lissabondakı matç Portuqaliya və Azərbaycan klublarının ilk dueli kimi tarixə düşüb. İkinci qarşılaşma "Qarabağ” üçün "tamam, ya davam” xarakteri daşıyır. Ağdamlılar pley-offa yüksəlmək baxımından nəzəri şanslarını saxlamaq üçün mütləq qalib gəlməlidirlər. Qonaqlar bunu bacaracaqları təqdirdə, paralel keçiriləcək "Vorskla” – "Arsenal” qarşılaşması formallığa çevriləcək. Çünki "Sportinq” 3 xal qazanmaqla, "topçular” kimi qrupdan çıxmağı rəsmiləşdirəcək. Qonaqlar heç-heçə sayəsində də tapşırığın öhdəsindən gələ bilər. Bunun üçün Ukraynada meydan sahibləri qalib gəlməməlidir.
"Qarabağ”da əsas problem İnnosent Emeqaranın yoxluğudur. Əcnəbi forvard Azərbaycan Premyer Liqasının XII turunda "Sabah”la oyundan əvvəl isinmə hərəkətləri zamanı zədələnərək ili erkən başa vurub. Lissabon təmsilçisinin baş məşqçisi Marsel Kayzer isə 11 oyunçunun xidmətindən yararlana bilməyəcək.
Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqlarına görə görüşü buraxacaqlar. Fredi Montero və Rafinya tam olaraq hazır deyil. IV turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb. Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib.
Belə vəziyyətdə "Sportinq” Bakıya 19 futbolçu ilə gəlib. Onlardan 4-ü "B” komandanın üzvləridir.
Avropa Liqası
Qrup mərhələsi, V tur
29 noyabr
21:55. "Qarabağ” – "Sportinq” - 1:6
Qollar: Abdullah Zubir, 14 - Bas Dost, 5 (pen.). Brunu Fernandeş, 20; 75. Luiş Nani, 33. Abdulay Diabi, 65; 81
Baş hakim: Petr Ardelyanu
Yan xətt hakimləri: Petr Blajey, Tomaş Mokruş
Əlavə köməkçilər: Zbınek Proske, Emanuel Marek
Dördüncü hakim: Yan Patak (hakimlər briqadası Çexiyadandır)
Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya),
UEFA nümayəndəsi: David MkDauel Zor (Sloveniya)
Bakı Olimpiya Stadionu.