Sportnet.az Azərbaycan milli komandasının və Qazaxıstan "Astana"sının futbolçusu Riçard Almeydanın müsahibəsini təqdim edir...
- Millimizdən heç kim bu cür nəticəni gözləmirdi. Uğursuzluğun səbəbinə dair hərə öz fikirlərini səsləndirdi, yazdı. Lakin əsl səbəbləri meydandakılar daha yaxşı bilir. Xüsusilə, millinin liderləri. Soyuq başla təhlil etmək vaxtın olub. Necə düşünürsən, niyə belə oldu?
- Deyiləsi söz tapmıram. Qeyri-adi səbəb axtarmaq lazım deyil. Rəqib həmin axşam bütün komponentlərdə bizdən güclü oldu. Kosovo yığması bizdən yaxşı futbol nümayiş etdirdi. Onların haqqını vermək lazımdı. Qələbəyə layiq idilər. Etiraf edim ki, meydanda praktiki olaraq heç bir şey edə bilmədik. İstədiyimizi, nəzərdə tutulan heç bir şeyi həyata keçirə bilmədik, heç nə alınmadı. Bu, futboldu, belə hallara zaman-zaman rast gəlinir. Uğursuz bir gün idi. Üstəlik, demək olar ilk dəqiqədə qol buraxmağımız işimizi daha da çətinləşdirdi. De-fakto oyuna 0:1 geridə başlamış olduq. Nəzərə alsaq ki, qarşımıza qələbə məqsədi qoyulmuşdu, işimiz ikiqat çətinləşdi. Erkən qol bütün planları pozdu. Bütün hallarda, Kosovo millisinin oyununa heç bir kölgə salmaq niyyətim yoxdu. Onlar bu qələbəni sərgilədikləri oyunla haqq etmişdilər.
- Yəqin razılaşarsan ki, mərkəzdə oyunu ələ ala bilmirdik və millimizin "düşünən beyni” də bu oyunda heç nə edə bilmədi. Keyfiyyətsiz oyununa "Astana”da əsasən ehtiyatda qalmağın və Qazaxıstan klubunda daha çox "10 nömrə” mövqeyində oynamağın nə dərəcədə təsir etdi?
- "Astana”da öz mövqeyimdə oynamadığım üçün Kosovo ilə qarşılaşmada oyunumun alınmaması fikri ilə qətiyyən razılaşmıram. Bunun uğursuz çıxışımla heç bir əlaqəsi yoxdu. Elə götürək Kosovodan öncə Farer adaları ilə qarşılaşdığımız matçı. Axı, onda yetərincə uğurlu oldum. Ancaq təəssüf ki, qrupdakı ən vacib oyunda tək mən yox, ümumiyyətlə, komandamız bacarığını ortaya qoya bilmədi. Yaşananları həm unutmalıyıq, həm də nəticə çıxarmalıyıq. Qarşıdakı turnirlərdə belə səhvlər etməməliyik. Bir ildən artıqdır ki, Azərbaycan millisinə dəvət alıram. Kosovo ilə görüş bu müddət ərzində ən pis oyunum idi. Özümə qarşı tənqidi yanaşmağı bacarıram. Bəli, etiraf edirəm ki, meydanda heç nə edə bilmədim: nə təhlükəli vəziyyət yarada, nə qol ötürməsi verə, nə də hücumların qurulmasında iştirak edə bildim. Bacardığımı ortaya qoya bilmədim. Fikirləşmək lazım deyil ki, dediklərimi həyata keçirmək istəmirdim. Sadəcə, kosovoluların da haqqını vermək lazımdı. Doğrudan da oyunumu yaxşı təhlil etmişdilər və 90 dəqiqə ərzində əl-qol açmağıma imkan vermədilər. Nəticədə də istəklərinə çatdılar. Bir daha etiraf edirəm, bu, milli komandada mənim ən pis oyunum idi.
-Kosovo faciəsindən sonra ölkədə hətta belə fikirlər səslənməyə başladı ki, bəzi oyunçular bilərəkdən zəif çıxış etdilər. Belə bir şey mümkündürmü?
- Bu iddianı, bu ittihamı ağlımın ucundan belə keçirmirəm. Belə bir şey ola bilməz! Bu cür taleyüklü oyunlarda iştirak etmək hər bir futbolçunun arzusudu. Kimisə ayrı-ayrılıqda qeyd etmək olmaz ki, pis oynadı. Bütün komanda pis çıxış etdi. Olduqca motivasiyalı idik. Qalib gəlmək istəyirdik. Qrup qalibi olmağı istəyirdik. Ancaq qrupdakı yeganə məğlubiyyətimiz olduqca üzücü oldu və qrup qalibi olmaq arzumuzun üstündən xətt çəkdi. Ümumilikdə Millətlər Liqasını pis keçirmədik, cəmi bir məğlubiyyət aldıq. Ancaq bu yenilgi hər şeyin üstündən xətt çəkdi. Bu məğlubiyyətdə baş məşqçini də günahlandırmaq olmaz. Məsuliyyət meydanda olanların üzərinə düşür. Qurban Qurbanovun bəlli planı var idi. Sadəcə, biz bu planı həyata keçirə bilmədik. Məğlubiyyətin əsas günahkarı biz - futbolçularıq.
- Necə düşünürsən, bu məğlubiyyəti unutdurmaq üçün, ümumiyyətlə, günahını azarkeşlər qarşısında yumaq üçün millimiz və milli futbolçular nə etməlidirlər?
- Bunun fərqindəyik ki, azarkeşləri məyus etmişik. Axı, kim məğlub olmaq istəyər ki? Nə azarkeşlər, nə AFFA prezidenti, nə Assosiasiyada çalşanlar bu nəticədən razı qala bilməzdilər. Bu turnirdə cəmi bir məğlubiyyət aldıq. Ən çox üzən budu ki, həlledici qarşılaşmada məğlub olduq. Həmin acı axşamı unutdurmaq üçün üzərimizdə daha çox çalışmalı, bir məqsədə qulluq etməli, yolumuzdan dönməməli, baş məşqçinin ideyalarını meydançada həyata keçirməliyik. Qurban Qurbanovun gəlişindən sonra bəlli bir üslubda oynamağa başlamışıq. Məhz onun gəlişindən sonra millinin dəst-xətti hiss olunmağa başlayıb. Sadəcə, bir qədər zamana ehtiyac var ki, bu oyun üslubunu daha da yaxşılaşdıraq. Qarşıda Avropa çempionatının seçmə mərhələsi gəlir. Yalnız bir olub, çətinliklərə sinə gərib bu uğursuzluqları unutdura bilərik.
- AÇ-nin qrup mərhələsindən gözləntilərini bilmək istəyərdim. Millimiz qrupda neçənci olsa, nəticəni qənaətbəxş sayarsan?
- İndidən bir söz deyə bilmərəm. Təbii ki, heç kəs sonuncu pillələrdə qərarlaşmaq istəmir. Bizim də ürəyimizdə olan qrupdakı ön sıralardan birini tutmaqdır. Bunun yeganə yolu da işləmək, çalışmaqdan keçir. İlk növbədə formasını geydiyin klubda uğurla çıxış etməlisən. Millidə isə tutduğumuz yolu davam etdirməliyik. Hamımız bir məqsəd uğrunda döyüşməliyik. Baş məşqçimizin ideayalarını həyata keçirmək üçün mübarizə aparmalıyıq. Onun ideyalarını həyata keçirən meydana çıxanlarda. Baş məşqçiyə də, futbolçulara da güvənmək lazımdı. Bu güvən olacağı halda yaxşı nəticə əldə etmək olar. Hər arxada qoyduğumuz turnirdən nəticə çıxarmalıyıq ki, növbəti yarışda daha uğurlu olaq. Qrupda neçənci olacağımızı indidən deyə bilmərəm. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək ki, yekun turnir cədvəlinə baxarkən, məmnun olaq.
-"Qarabağ” səni yenidən rənglərinə qatmaq istəsə, "Astana” ilə müqavilən bitməmiş yenidən Azərbaycana qayıtmaq istəyərsənmi?
- Bu suala dəfələrlə cavab vermişəm. "Qarabağ” mənə doğma klubdu. Ancaq "Astana” ilə 2 illik müqavilə imzalamışam. Bütün düşüncələrim, bütün planlarım Qazaxıstan çempionu ilə bağlıdı. "Astana”da xoşbəxtəm. Amma gələcəkdə "Qarabağ”a yenidən dönmək variantı çıxarsa, məmnuniyyətlə bunu edərəm (Sport24.az).