1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Rəşad Sadıqov: "Adamın bunu deməyə dili gəlmir" - MÜSAHİBƏ
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin V turunda evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə məğlub olduqları oyundan sonra brifinq keçirib.
Təcrübəli müdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb.
- Ağır məğlubiyyət avrokuboklarda 100-cü oyununuza təsadüf etdi. Azərbaycan futbolunun tarixinə düşsəniz də, klub ən böyük məğlubiyyətlərindən birini aldı...
- Danışılası bir şey yoxdur. Hesab hər şeyi deyir.
- "Qarabağ” bu rəqibə səfərdə 0:2 hesabı ilə uduzub. Bu gün nə baş verdi?
- Bu gün meydanda fərqli "Sportinq” oynayırdı. Bunun baş məşqçi dəyişikliyindən sonra baş verib-vermədiyini bilmirəm. Tam fərqli "Sportinq” gördük. Biz rəqibi analiz etmişdik. Kubok oyunlarını nəzərdə keçirdik. Çox aqressiv və istəkli görünürdülər. Amma belə oynamırdılar. Səviyyə fərqi də çoxdur. Bu,meydanda açıq-aşkar görünürdü. Deyə bilmərəm ki, futbolçular oyunun əvvəlində mübarizə aparmadılar və istəkli deyildilər. Adamın bunu deməyə dili gəlmir. Rəqib ustalıq hesabına ani epizodlarda hər şeyi həll etdi.
- Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kosovoya məğlubiyyəti "Qarabağ"ın bu matçına təsir etdimi?
- İnanmıram etsin. Onun bununla heç bir əlaqəsi yoxdur. Komanda olaraq ağır qrafiklə oynayırıq. Qarşıda 5 matç qalıb. Toparlanıb və həmin qarşılaşmaları salamat oynayıb qış fasiləsindən sonraya hazırlaşmalıyıq. Hazırda sınmaq vaxtı deyil. Çox acınacaqlı məğlubiyyət aldıq. Bu, bizə yaraşmayan bir formada oldu və heç ağlımıza da gəlməzdi. Doğma meydan ən böyük hesablı məğlubiyyətimizdir. Qapımıza vurduqları ilk 4 zərbə qolla nəticələndi. Bu il qapımıza nə zərbə gəlirsə, qolla nəticələnir. Bizim ötən mövsümkü oyunlarımızda rəqiblərin qol epizodları olurdu. Amma istifadə etmirdilər və nəticədə bizə motivasiya gəlir, epizodlardan yararlanırdıq. Amma bu gün baxırıq ki, oyunumuz başqa cür gedir. Rəqiblərimiz də elədir ki, sanki Çempionlar Liqasında oynayırıq. Keçən il Çempionlar Liqasının qrupunda bizə belə çətinlik yaşadan oyun olmamışdı. 0:6 hesabı ilə uduzmuşduq, amma hansısa oyun bu qədər çətinlik yaşatmamışdı. "Vorskla” bizdən səviyyəcə aşağı komandadır. Onlara qarşı evdə elə də yaxşı oynaya bilmədik, amma səfərdə qələbə qazandıq. Digər iki rəqibin səviyyələri isə bizi aşır. Komanda şəklində ruhdan düşmək vaxtı deyil. Sona qədər mübarizə aparmalıyıq. Qarşıdakı çempionat və kubok oyunlarına köklənməliyik. Qışda isə özümüzə gəlməyə vaxtımız olacaq.
- "Qarabağ"ın qapıçıları kobud səhvlər edirlər. Komanda sabiq qapıçısı İbrahim Şehiç üçün darıxır?
- Kiminsə haqqına girmək istəmirəm. Komandada çatışmayan cəhətlər var. Hamımız bunu bilirik. Sadəcə, düzəltməyə vaxt lazımdır. Bəzi şeyləri tez düzəltmək olmur.
- Demək olar ki, komanda ən zəif mövsümünü keçirir. Bu, nə ilə bağlıdır?
- Buna çox səbəb gətirmək olar. İndi elə bir gündür ki, səbəb gətirmək vaxtı deyil. İnanıram ki, çatışmayan şeylərin hamısı zamanla düzələcək.