Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniya "Barselona"sını heç cür unuda bilmir və keçmiş komandasına qayıtmaq istəyir.
Sportnet.az-ın AS nəşrinə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi daxilindəki mənbə braziliyalı hücumçunun daim rəhbərliyə zəng etdiyini açıqlayıb. Mənbə bildirib ki, Neymar İspaniyaya qayıtmağı çox istəsə də, bunun xeyli çətin olduğunu anlayır. 2019-cu ilin yayında forvarda fiksə olunmuş qiymət müəyyənləşdirilməyəcək. Lakin 2020-ci ildə onu 160 milyon avroya almaq mümkün olacaq.
Neymarın davranışına "Barselona"da sakit yanaşırlar. Klubda bilirlər ki, o, rəsmi və ya gizlicə oyunçularla əlaqə saxlayır, hər dəfə şəhərə gəldikdə komandanın paltardəyişmə otağına baş çəkir.
Sentyabrda İspaniya mətbuatı "Qsambaçı"nın "Barsa"ya dönüşünü xahiş etdiyini yazıb. İl ərzində onun Fransa Liqasının səviyyəsindən və Parisdəki həyatından narazı olduğuna dair xəbərlər dolaşıb. 26 yaşlı hücumçunu komanda yoldaşları Edinson Kavani və Kilian Mbappe ilə rəqabət də əsəbiləşdirir. Neymar "Barselona"da 2013 - 2017-ci illərdə çıxış edib. Sonradan o, 222 milyon avroya PSJ-yə keçib. Cari mövsümdə forvard 12 oyuna 11 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçunun gündə 100 min avro qazandığı bildirilir.