
"Əlbəttə, oyuna yaxşı başlamadıq. Sonradan özümüzə gəldik, yaxşı hücumlar qurmağa başladıq. Yaxşı məqamda qırmızı vərəqə aldıq. Buna baxmayaraq, nəticəni qoruyub saxlaya bildik. Bu münasibətlə futbolçularımızı təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Lider bu nəticəni uğurlu sayır?
- Azlıqda oynamağımıza görə deyə bilərəm ki, uğurlu nəticədir. Qırmızı vərəqəyədək isə komandamız əla oyun nümayiş etdirdi. Azlıqda qalandan sonra əks-hücumlara bel bağlaya bilərdik. Son olaraq, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Sonadək bizi dəstəklədilər. Sanki evdə oynayırdıq. Növbəti matçlarda da onları gözləyirik.
- Yeni transferləri necə dəyərləndirirsiniz?
- Mamadu Mboc, Mamadu Kane və Vangellis Platellasdan razı qaldım. Onlar güclü rəqibə qarşı gözəl oyun sərgilədilər.