"Kalyari" komandasının futbolçuları "Milan"la səfərdə keçirəcəkləri İtaliya A Seriyasının XXIII tur matçı üçün hava limanına vaxtında yollana bilməyiblər.
Sportnet.az-ın məlumatına görə, buna fermerlərin nümayişi səbəb olub. Fermerlər südün qiymətindən narazılıqlarını Kalyari aeroportuna gedən yolu kəsməklə bildiriblər. Onlar futbolçulardan tələb ediblər ki, həmrəylik əlaməti olaraq, "Milan"la qarşılaşmanı buraxsınlar.
Fermerlərin çağırışına cavab olaraq, "Kalyari"nin baş direktoru Mario Passetti bir neçə oyunçu ilə avtobusdan çıxaraq, simvolik aksiyanı təkrarlayıb. Onlar süd qablarını yerə boşaldıblar. Bundan sonra komanda hava limanına gedə bilib. Amma avtobus aeroporta gecikmə ilə çatıb.
Qeyd edək ki, fevralın 10-da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. 22 oyundan 21 xala malik "Kalyari" 15-ci, 36 xalı olan "Milan" 6-cı pillədə qərarlaşıb.