"Sabah" klubunun və Azərbaycan milli komandasının futbolçusu Təmkin Xəlilzadənin Sportnet.az-a müsahibəsi...
- Azərbaycan Premyer Liqasının XVII turunda "Səbail" komandası ilə görüşdə uduzdunuz. Ardıcıl ikinci oyununuzda məğlubiyyəti necə dəyərləndirirsiniz?
- Gözlənilməz məğlubiyyət oldu. Halbuki, 3 xal üçün oynayırdıq. İlk yarıda əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Lakin bu, futboldur. Əlimizi aşağı salmırıq. Növbəti turlara hazırlaşırıq. Qarşıda bizi daha iki ağır oyun gözləyir. Turnir cədvəlinin ön pillələrində olan "Qarabağ" və "Neftçi"yə qarşı oynayacağıq. Komanda adına ən yaxşısını etməyə çalışacağıq.
- Qış fasiləsinin ən səs-küylü transferlərindən sayılırdınız. Bəs özünüz necə, oyununuzla həmin səs-küyü yarada bildiyinizi düşünürsünüz?
- Yeni İl ərəfəsində karyeramda yeni addım ataraq, "Sabah" klubu ilə müqavilə bağladım. Sevindirici haldır ki, klubda hər şey qaydasındadır. Düzdür, hələ komandaya istədiyim köməyi göstərə bilmirəm. Bu səbəbdən, özümdən razı deyiləm. Amma növbəti oyunlarda daha yaxşı olacağını düşünürəm.
- Niyə özünüzü ən yaxşı tərəfdən göstərə bilmirsiniz?
- Qış fasiləsindən sonra ilk oyunumuzda "Zirə"ni azlıqda qalmağımıza rəğmən, yaxşı oyun göstərərək, 2:0 hesabı ilə məğlub etdik. Həmin görüşdə pis təsir bağışlamamışdım. Amma dördüncü sarı vərəqəni alaraq, növbəti tur "Qəbələ" ilə qarşılaşmanı buraxmalı oldum. Ötən tur isə "Səbail"ə qarşı istədiyim oyunu ortaya qoya bilmədim. Hər oyunu eyni səviyyədə keçirmək mümkün deyil. Çalışır, məşqlərdə öz üzərimdə işləyirəm. Bunun bəhrəsini tezliklə görəcəyimə inanıram.
- Son oyununuz zamanı "Səbail"in futbolçusu Şəhriyar Rəhimovla aranızda insident baş verdi...
- Elə bir insident olmadı. Matçın əvvəllərində arxadan ayağıma bir-iki dəfə vurdular. Daha sonra epizodların birində yan xətt hakiminin gözü önündə bir hadisə oldu. Əlim bilmədən Şəhriyarın üzünə tuş gəldi və dərhal onun sifətindən qan açıldı. Meydanda olan hər kəs düşündü ki, bilərəkdən vurdum. Amma yan xətt hakimi əsas hakimə işarə ilə bildirdi ki, bu epizod sarı vərəqəlikdir. Bunu epizodun videogörüntülərinə baxarkən də görmək olar. Yəni, ciddi bir şey yox idi.
- Rəhimovla məsələni öz aranızda yoluna qoydunuz?
- Elə meydandaca danışdıq və məsələni həll etdik. Böyük söhbət olmadı, tezliklə bir-birimizi başa düşdük.
- Sizi yaxından tanıyanlar və hətta klub rəsmiləri belə fikirdədirlər ki, Təmkin Xəlilzadə başını aşağı salıb futbol oynasa, yüksək səviyyəli futbolçu olacaq. Əks halda, "ulduz xəstəliyi"nə meylliliyi özünü büruzə verəcək və oyunu alınmayacaq...
- Bu sualı mənə bir neçə dəfə veriblər. "Ulduz xəstəliyi"nə tutulmaq kimi niyyətim yoxdur və buna əsla marağım da olmayıb. Amma bənzər bir şey olsa belə, ətrafımda - klub daxilində və ailəmdə elə insanlar var ki, əsla imkan verməzlər. Doğurdan da bu, heç vaxt olmayıb. Kənardan hamı çox şey deyə bilər. Heç kimin ağzını yuma bilmərik. Biri tərifləyir, digəri pisləyir, beşi istəyəndə, beşi istəmir. Amma belə bir şey yoxdur. "Səbail"ə komanda olaraq uduzmuşuq və inanıram ki, bunun altından çıxacağıq.
- Qış fasiləsindən sonra meydanda olduğunuz hər iki oyunda sarı vərəqə almısınız. Sizcə, bu fakt "ulduz xəstəliyi"nə tutulduğunuzu iddia etməyə əsas vermir?
- Hər oyunda ayağıma zərbələr vursalar da, bir nəfər çıxıb demir ki, bu uşağı niyə vururlar? Amma bu uşağın əli kiminsə üzünə bilmədən dəyirsə və qan çıxırsa, dərhal başlayırlar ki, Təmkin "ulduz xəstəliyi"nə tutulub. "Ulduz xəstəliyi"ndən nə söhbət gedə bilər? Kiminsə ağzını, burnunu partlatmaqla özümü kimə gəstərə bilərəm? Sadəcə, bunu böyütmək lazım deyil. Onsuz da bizim millətdə var. Amma gəlin, "oldu, bitdi" deyək.
- Azərbaycan Kubokunda "Qəbələ" ilə keçirdiyi 1/4 final görüşlərini də nəzərə alsaq, "Sabah" son 10 görüşün 8-də uduzub, 1 heç-heçə edib və yalnız 1 qələbə qazanıb. Qarşıda isə "Qarabağ" və "Neftçi" ilə oyunlar gəlir. Düşünmürsünüz ki, məğlubiyyətlərinizin sayı daha da arta bilər?
- Deyiləcək bir şey yoxdur. Adlar hər şeyi deyir. Son illərin çempionuna və liderə qarşı oynayacağıq. Əlimizdən gələni edəcək, vuruşacaq, gücümüz nəyə çatırsa, ortaya qoyacağıq. Asanlıqla təslim olmaq fikrimiz yoxdur. Necə olacağını isə zaman göstərəcək.
- Uğursuzluqlarda futbolçuların məsuliyyəti çoxdur, yoxsa baş məşqçi Elşad Əhmədovun?
- Əlbəttə, hamının. Bu kollektivdə hamı nəticəyə görə məsuliyyət daşıyır. Ən çox iş baş məşqçi və futbolçuların üzərinə düşür. Nəticəyə görə istər-istəməz baş məşqçi cavabdehdir. Meydanda olanlar isə bizik. Məşqçilər heyəti və rəhbərliklə birgə əl-ələ verərək, məsuliyyət yükünün altından çıxmağa çalışacağıq.
- Ümumiyyətlə, "Sabah" komandasının bu mövsüm nəyə qadir olduğunu düşünürsünüz?
- Fikrimcə, yaxşı nəticə verə biləcəyik. Hələ qarşıda 11 tur var. Əl-ələ verərək, "Sabah" adına yaxşı işlər görəcəyik. Göstərməyə çalışırıq ki, bu, sıradan klub deyil. Heyətdəki yerli futbolçulara baxdıqda, heç bir komandadan geri qalmırıq. Ola bilər, legionerlər sarıdan "Qarabağ"la "Neftçi" hamını qabaqlayır. Lakin çempionatdakı bütün klublar bir-birilərinə rəqibdirlər, hamı xal ala bilər. Ona görə də əl-qolumuzu yanımıza salmırıq. Oyundan-oyuna daha yaxşı olacağını düşünürəm.
- Söhbətləşdiyimiz azərbaycanlı futbolçular millinin yeni baş məşqçisi Nikola Yurçeviçi tanımadıqlarını deyirlər. Bəs siz?
- Mən də yaxından tanımıram. Mətbuatdan oxuduqlarımıza əsasən, Yurçeviç Zaqreb "Dinamo"sunda baş məşqçi, Xorvatiya yığmasında və digər klublarda köməkçi-məşqçi kimi çalışıb. Milli komanda üçün faydalı olacağını düşünürəm. Onu məsləhət biliblərsə, yəqin ki, yaxşı olar. İstər xorvatiyalı, istər bolqarıstanlı, istər ukraynalı, istərsə də yerli olsun, kim gəlirsə-gəlsin, hamımız millimizin nəticə verməsini istəyirik. Bunun üçün əlimizdən gələni etməyə hər zaman hazırıq.