
"Çətin oyun oldu. Elə epizodlar var idi ki, yararlanmaq vacib idi. Amma belə hallar futbolda çox olur. Ola bilsin ustalıq səviyyəsi, ola bilsin, epizoda ciddi yanaşmamaları rol oynadı".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib. O, Araz Abdullayevi əvəzedici heyətə göndərməsinin səbəbini belə izah edib: "Abdullayevin son zamanlar performansından razı deyildik. Hazırlıq səviyyəsi bizi qane etmirdi. Ona görə də qərara gəldik ki, əvəzedici heyətə göndərək".
Qurbanov oyun ərzində əvəzləməyə əl atmamasına da aydınlıq gətirib: "Abdullah Zubirin zədəsi var idi. İstəyirdik ki, heç olmasa, ikinci hissədə meydana buraxaq, amma həkimlər oynamasına icazə vermədilər. Ona görə yararlana bilmədik. Hücum xəttində isə Emeqara qalmışdı. Ona görə də əlavə oyunçu buraxmağa gərək duymadıq".