Qazaxıstan "Tobol"unun futbolçusu Nika Kvekveskiri komandada çıxış edən Azərbaycan yığmasının qapıçısı Emil Balayevə dəstək olub.
Sportnet.az-ın məlumatına görə, gürcüstanlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında "Aktobe" ilə Premyer Liqanın IV tur qarşılaşmasında fərdi səhv üzündən qol buraxmalarına təəssüfləndiklərini bildirib. Bununla yanaşı, Kvekveskiri futbolda belə halların qaçılmaz olduğunu diqqətə çatdırıb: "Hamımız səhv edirik. Sadəcə, qapıçı səhv etdikdə, bu, tabloda əksini tapır və gözə girir. Biz bir komanda olaraq, Balayevi dəstəkləyirik. Bütöv kollektivik və bir-birimiz uğrunda mübarizə aparır, vahid ailə kimi yaşayır və yanlışlıqları aradan qaldırmağa kömək edirik. Bu, uğur amillərimizdən biridir".
Qeyd edək ki, "Aktobe" ilə qarşılaşmanın 89-cu dəqiqəsində Emil Balayevin ona ötürülmüş topla rəqib futbolçunu aldatmaq cəhdi "Tobol"un qapısına vurulan qolla nəticələnib. Lakin Balayevin komandası 2:1 hesabı ilə qalib gəlib. Hazırda "Tobol" 4 oyundan 12 xalla "Kayrat"la birgə 2-3-cü yerləri bölüşür. Nika Kvekveskiri Kostanay komandasına keçənədək Azərbaycanda "İnter" (hazırkı "Keşlə") və "Qəbələ"nin formasını geyinib.