"Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu tarixdə ilk dəfə İngiltərə, İspaniya və İtaliyanın çempionu olub.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçu karyerasında ilk dəfə A Seriyasının qalibi olub. Daha əvvəl "Mançester Yunayted"lə 3 dəfə (2007, 2008, 2009) İngiltərə, "Real Madrid"lə isə 2 dəfə (2012, 2017) İspaniya çempionluğu əldə etmiş Ronaldu yeni titulu ilə bağlı bunları deyib: "Bu, uyğunlaşma üçün yaxşı il oldu. Biz İtaliya Super Kuboku və skudettonu qazandıq. Xoşbəxtik. Qələbə çətinliklə ərsəyə gəldi".
34 yaşlı forvard Çempionlar Liqasının 1/4 finalında Hollandiya "Ayaks"ına iki oyunun yekununda (1:1, 1:2) uduzaraq mübarizəni dayandırmalarına da münasibət bildirib: "Hər zaman qalib gəlmək olmur. Mümkün olan hər şeyi etdik. Amma qələbəni yalnız bir komanda qazana bilər. Çempionat və Superkubok qalibiyyətlərinə çox şadam. Çempionlar Liqasında isə yaxşı çıxış etdik. Gələn il daha yaxşı olacaq. "Yuventus"da 1000 faiz qalacağam".
Qeyd edək ki, bu, "Yuventus"un ardıcıl 8-ci, ümumilikdə isə 35-ci çempionluğu olub.