Azərbaycan millisinin sabiq futbolçusu Aqil Nəbiyevin "Araz Naxçıvan”a keçəcəyi ilə bağlı iddialara komandanın baş məşqçisi Əsgər Abdullayev aydınlıq gətirib. Sportnet.az-a açıqlama verən təcrübəli mütəxəssis Nəbiyevlə hələ bu barədə danışmadıqlarını deyib.
Abdullayev futbolçu ilə yaxın günlərdə söhbət edəcəyini bildirib: "Hələ Aqillə bu barədə söhbətim olmayıb. Eşitmişəm ki, bizdə oynamaq üçün istəyi var. Nə olacaqsa, bizim söhbətimizdən sonra olacaq. Bu yaxınlarda özüm onunla söhbət edəcəyəm. Hazırda onun məş edib-etməməyi məni maraqlandırmır. Çünki mən bilirəm ki, o futbolçu nəyə qadirdir. O, bir mövsüm mənim komandamda çıxış edib. İndi məşq etməyi, yaxud formada olub-olmamağı mənə maraqlı deyil. Əsas odur ki, onun nəyə qadir olduğunu bilirik. Söhbətimiz müsbət nəticələnsə, onun məşqini də biz keçəcəyik, hazırlığını da”.
Qeyd edək ki, Aqil Nəbiyev son olaraq "Rəvan” klubunda çıxış edib. Təcrübəli müdafiəçi vaxtilə Əsgər Abdullayevin rəhbərliyi altında "Olimpik Şüvəlan”da (hazırkı AZAL klubu) çıxış edib.