"Neftçi" UEFA Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi buna Moldova "Sperantsa"sını I raundun cavab matçında da məğlub etməklə nail olub. Səfərdə rəqibi 3 cavabsız qolla üstələyən "ağ-qaralar" evdə daha böyük hesablı qələbəyə seviniblər - 6:0.
"Neftçi"nin heyətində Vangelis Platellas 18-ci və 40-cı dəqiqələrdə fərqlənməklə dubl edib. Kapitan Emin Mahmudov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Dario Frederiko 42-ci, Jozef Monroz 67-ci, İsmayıl Zülfüqarlı isə 73-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Bu, Azərbaycan futbolu tarixində ən böyük hesablı qələbə olub. "Neftçi" "Sperantsa" ilə ilk oyunda isə klub tarixində ilk dəfə səfərdə darmadağına imza atıb - 3:0.
Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.
------------
Rumıniyanın Krayova şəhərində "Universitatya" və "Səbail" komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib.
Sportnet.az-ın matça ezam olunmuş əməkdaşı xəbər verir ki, "İon Oblemenko" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnib. Görüş meydan sahiblərinin üstünlüyü şəraitində start götürüb. Meydanın rəqibə aid hissəsini keçməkdə çətinlik çəkən qonaq komanda isə daha çox müdafiənin qeydinə qalıb. Lakin "Səbail"in müqaviməti 28-ci dəqiqədə qırılıb. Bunadək bir neçə epizodda inamlı çıxış edən qapıçı Daniel Bojinovsi cinah hücumundan sonra yenə zərbəni qaytarsa da, "Universitatya"nın son zamanlar adından söz etdirən yarımmüdafiəçisi Aleksandru Çikeldeu təkrar zərbə ilə topu qapıdan keçirib. "Səbail"in ilk yarıda yeganə qol imkanı isə 40-cı dəqiqəyə təsadüf edib. Mirabdulla Abbasov cinah keçidindən sonra topu əlverişli mövqedə olan Ağabala Ramazanova ötürmək əvəzinə birbaşa qapıya vurub. Onun zərbəsi qeyri-dəqiq alınıb.
"Universitatya" ikinci hissəyə qolla başlayıb. 54-cü dəqiqədə Boqdan Vetejelu "Səbail"in müdafiə xəttindəki anlaşılmazlıqdan sonra topu qapıdan keçirib. Bundan 4 dəqiqə sonra matçda dönüşə səbəb olan əvəzetmələr gerçəkləşib. Baş məşqçi Aftandil Hacıyev eyni vaxtda "Səbail"in iki oyunçusu - Mirabdulla Abbasov və Bilal Həmdini oyundan çıxarıb. Onlar yerlərini Bilal Həmdi və Fəhmin Muradbəyliyə veriblər. Dəyişikliklər tezliklə bəhrəsini verib. Hücuma atılan qonaq komanda 67-ci dəqiqədə ilk qolunu vurub. İlk görüşdə "dubl" etmiş Ağabala Ramazanov uzaqdan zərbə ilə fərqi azaldıb. Bundan 2 dəqiqə sonra isə Duventru kombinasiyalı hücumu qolla tamamlayıb.
Bu qoldan sonra "Səbail" daha bir qol vurmağa ruhlansa da, oyunun sonlarında yenidən məyus olub. 90-cı dəqiqədə yenə müdafiəçilərin səhvindən yararlanan "Universitatya"nın hücumunu Fortes Dos Santos məntiqi sonluğa çatdırıb.
Beləliklə, Rumıniya təmsilçisi ilk görüşdə olduğu kimi, yenə eyni hesabla qalib gələrək, mərhələ adlayıb. "Səbail" isə avrokuboklarda debüt mövsümündə mübarizəni erkən dayandırıb.
-----------------------------------------
Bu gün "Səbail" və "Neftçi" komandaları UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə çıxacaqlar.
Sportnet.az-ın məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu komanda Rumıniyada "Universitatya"nın qonağı olacaq. Krayova şəhərindəki "İon Oblemenko" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu komandalar arasındakı ilk oyunda "Krayova" qalib gəlib - 3:2. Avrokuboklarda debüt edən "Səbail" mərhələ adlamaq üçün səfərdə qapısını toxunulmaz saxlamaq şərtilə minimum 2 top vurmalı və ya 2 top fərqi ilə qalib gəlməlidir.
"Neftçi" isə "Bakcell Arena"da daha bir debütant Moldova "Sperantsa"sını qəbul edəcək. Görüşün start fiti saat 21:00-da çalınacaq. Kişinyovdakı ilk qarşılaşmada flaqman böyük hesabla qalib gəlib - 3:0. Bu səbəbdən, "ağ-qaralar"ın mərhələ adlaması xeyli realdır. Yalnız 3 top fərqi ilə məğlub olacağı halda, Roberto Bordinin baş məşqçi olduğu kollektiv mübarizəni dayandıracaq.
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
18 iyul
20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) - 3:2
Qollar: Aleksandru Çikeldeu, 28. Boqdan Vetejelu, 54. Fortes Dos Santos, 90 - Ağabala Ramazanov, 67. Dilan Duventru, 69
Baş hakim: Helqi Mikael Yonasson
Baş hakimin köməkçiləri: Yohan Qunnar Qudmundsson, Brinqeyr Valdimarsson
Dördüncü hakim: İvar Orri Kristyansson (hamısı İslandiya)
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: Roy Katçart (Şimali İrlandiya)
Krayova, "İon Oblemenko" stadionu
İlk oyun – 3:2
21:00. “Neftçi” (Azərbaycan) – “Sperantsa” (Moldova) - 6:0
Qollar: Vangelis Platellas, 19; 40. Emin Mahmudov, 24 (pen.) Dario Frederiko, 42. Jozef Monroz, 67. İsmayıl Zülfüqarlı, 78
Baş hakim: Yulian Veynberger
Baş hakimin köməkçiləri: Maksimilian Kolbiç, Mihael Nemets
Dördüncü hakim: Andreas Heyss (hamısı Avstriya)
Hakim-inspektor: Albano Yanku (Albaniya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
Bakı, "Bakcell Arena"
İlk oyun – 3:0.