
Göndəriləcəklər siyahısında aparıcı oyunçulardan Yan Mvila, Kris Mavinqa, Sərdar Azmunun adı çəkilir. Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun aqibəti barədə isə heç nə yazılmayıb.
Əvəzində bildirilir ki, "Rubin" mövsümün ikinci yarısını "Qəbələ"də keçirmiş Marat İzmaylovu heyətinə qata bilər. İzmaylov Azərbaycan klubunda cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək. O, müqavilə ilə Portuqaliya "Portu"suna məxsusdur. "Rubin"in baş məşqçisi Rinat Bilyaletdinovun heyətə rusiyalı futbolçuları, o cümlədən, Moskva "Spartak"ında çıxış edən oğlu Diniyar Bilyaletdinovu cəlb edəcəyi də vurğulanıb.
Qeyd edək ki, "Rubin" hazırda Rusiya çempionatında 9-cu pillədədir və Avropa kuboklarına vəsiqə şanslarını tam itirib.