Bizə vaxt lazım idi. Güman edirəm ki, bu, alınacaq. Gözəl oyuna tamaşa etdik. Hesabda 1:0 önə keçməyimiz oyuna açılmağımıza səbəb oldu. Çünki qarşı tərəf də əks-hücumlarda özünü göstərmək istəyirdi. Maraqlı, gözəl matç oldu. Komandamı təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl evdə İrlandiya "Dandolk"una 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. Klub rəsmisi digər sualları da cavablandırıb...
- "Qarabağ" APOEL səddini də keçə bilər?
- Rəqibimiz güclü klubdur, büdcəsi də bizdən yüksəkdir. APOEL hörmətə layiq rəqibdir, amma "Qarabağ"ın gücünü bu gün də gördünüz. Yeni futbolçuları mənə ləzzət edir. Hesab edirəm ki, Qurban Qurbanov düzgün siyasətlə komandanı idarə edir. Komandamız doğru yoldadır. Hazırkı "Qarabağ" tarixinin ən güclüsüdür. Əminəm ki, xeyliniz mənimlə razılaşarsınız. Buna görə də addımlarımızı əmin şəkildə ataraq yolumuza davam edirik. Əlbəttə, kim nə deyə bilər ki, axır nəticə necə olacaq. Amma hesab edirəm ki, APOEL qarşısında çox güclü "Qarabağ" görəcəyik.
- Tribunada azarkeşlərlə bağlı xoşagəlməz hadisə baş verdi. Bununla bağlı hansısa tədbir görüldümü?
- Mən də gördüm. Xoşagəlməz bir şey oldu. Ürəkdən narahat oldum. Amma məsələnin nə olduğunu hələ də bilmirəm.
- Azarkeşlər harasa aparılıbsa, onların sərbəst buraxılması istiqamətində fəaliyyət göstərəcəksiniz?
- Burada proseslər getməlidir. Klub olaraq, hüquq-mühafizə orqanları ilə danışacaq, məsələni öyrənəcəyik ki, gələcəkdə belə hallar təkrarlanmasın. Bir-iki gənc azarkeşimiz meydana girdi. Bu hərəkət əslində bizim üçün zərərlidir. Çünki klubumuz buna görə cərimə ödəməli olacaq. Bu məsələyə da baxacağıq.
- Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməsəniz, necə olacaq?
- Yolumuza Avropa Liqasında davam edəcəyik. Amma gəlin, belə danışmayaq. İndi bütün diqqətlərimizi növbəti oyunlara yönəldərək, APOEL sınağından da uğurla çıxmalıyıq. Yalnız hədəfimiz budur.
- APOEL-in 2012-ci il "Neftçi" ilə Kiprdə keçirdiyi Avropa Liqasının "pley-off" oyunu zamanı qalmaqal olmuşdu. Bu da "Qarabağ" adı ilə bağlı idi. Yenə eyni halın təkrarlanmasından narahat deyilsiniz?
- Xeyr. Biz yalnız öz oyunumuzu düşünürük. Komandamız oyunu, cəsarəti, keyfiyyəti və şəxsiyyəti ilə "Qarabağ" məsələsini dünyaya tanıtmalıdır. Bizim işimiz budur. Sülhməramlı klubuq. Bizim işimiz budur. Yalnız futbolla, idmanla konsentrasiya olmağa məcburuq. Cavabımızı oyunda deyəcəyik. Əlimizdə olan bütün tədbirləri görəcəyik.