Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Qəbələ”nin bütün potensial rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarından sonra dəqiqləşib. AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi qismində turnirə vəsiqə qazanan əyalət təmsilçisi Çempionlar Yolunda yer alacaq.
Əsasnaməyə uyğun olaraq, yarışa UEFA-nın reytinqində ilk 32 pillədə qərarlaşan milli assosiasiyaların təşkil etdikləri Gənclər Liqasının qalibləri qatılmalıdır. Lakin Lixtenşteyndə analoji yarış keçirilmədiyi üçün vakant yer 33-cü sıradakı Moldovaya verilib.
Həmçinin “Atalanta” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya), “Lokomotiv” (Moskva, Rusiya), “Genk” (Belçika), “Qalatasaray” (Türkiyə), “Zaltsburq” (Avstriya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ayaks” (Hollandiya) və “Slaviya”nın (Çexiya) əsas komandaları Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün onların gənclərdən ibarət kollektivləri Gənclər Liqasında Çempionlar Liqası Yolunda çıxış edəcəklər.
Bu komandaları isə reytinqdə müvafiq olaraq, növbəti sıralarda qərarlaşan ölkələrin – Albaniya, İslandiya, Makedoniya, Finlandiya, İrlandiya, Bosniya və Herseqovina, Latviya və ilk dəfə olaraq Estoniya çempionu əvəzləyib.
“Qəbələ”nin potensial rəqiblərinə gəlincə, bunlar “Saraqosa” (İspaniya), “Derbi” (İngiltərə), “Renn” (Fransa), “Portu” (Portuqaliya), “Yanq Boyz” (İsveçrə), PAOK (Yunanıstan), “Midtyulland” (Danimarka), “Makkabi” (Petah-Tikva, İsrail), APOEL (Kipr), “Vitorul” (Rumıniya), “Korona” (Polşa), “Elfsborq” (İsveç), “Ludoqorets” (Bolqarıstan), “Brodarats” (Serbiya), “Reyncers” (Şotlandiya), “Minsk” (Belarus), “Astana” (Qazaxıstan), “Soqndal” (Norveç), “Domjale” (Sloveniya), “Slovan” (Bratislava, Slovakiya), “Şerif” (Moldova), “Şkendiya” (Albaniya), “Akranes” (İslandiya), MTK (Macarıstan), “Şkendiya” (Makedoniya), “Honka” (Finlandiya), “Boqemians” (İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Liepaya” (Latviya) və “Levadiya”dır (Estoniya).
Çempionlar Liqasının püşkatması bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Çempionlar Yolunun püşkatması isə sentyabrın 3-də keçiriləcək və saat 16:00-da start götürəcək. Püşkatma ərəfəsində komandalar arasında coğrafi prinsiplərə əsasən, bölgü aparılacaqvə "Qəbələ"nin potensial rəqiblərinin sayı 7-yə enəcək.
Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Burada və 1/4 final raundunda qaliblər 1 oyunla müəyyənləşəcək. Yarımfinal ilə final matçları müvafiq olaraq 17-si və 20-si apreldə Nyonda keçiriləcək.
Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda 1/16 finalda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. 1/16 finalın oyunları 3 - 4 martda, 1/4 finalın görüşləri isə 17 - 1 8 mart keçiriləcək.
Qeyd edək ki, “Qəbələ” üçüncü dəfə Gənclər Liqasında çıxış edəcək. (Report)