“Şükür ki, hədəfimizə çatıb avrokuboklara vəsiqə qazanmışıq. Amma bu haqda hələ heç nə düşünmürəm. Qarşıda bizi istirahət gözləyir. Ondan sonra gələcəkdə nə olacağına baxacağıq”.
Bu sözləri Sportnet.az-a açıqlamasında “Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynov deyib.
Gənc futbolçu Azərbaycan Premyer Liqasının son turunda “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları oyunu belə dəyərləndirib:
“Bu, mövsümün son qarşılaşması idi. Hər iki komanda artıq əsas hədəfinə çatmış, avrokuboklara vəsiqəni təmin etmişdi. Buna görə də motivasiyanın əvvəlki oyunlarla müqayisədə bir qədər aşağı olması normal idi və bu, meydanda hiss olunurdu. Buna baxmayaraq, yaxşı futbol oynamağa çalışırdıq. Kifayət qədər qol vəziyyəti yaratdıq, amma son nöqtəni qoya bilmədik. Sanki bu gün bəxt bizim tərəfdə deyildi. Bu qədər epizodu dəyərləndirə bilmədiyimiz oyunu xatırlamıram. Hücumların sonluğu alınmırdı. Düşünürəm ki, bu məqamın üzərində daha çox işləməliyik. Məğlub olsaq da, maraqlı və baxımlı oyun alındı”.













































































