"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sevilya" komandası İspaniya La Liqasının III turunda "Selta"nı qəbul edib.
Sportnet.az-ın məlumatına görə, "Roman Sançes Pisxuan" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 81-ci dəqiqədə Ever Baneqanın ötürməsindən sonra meydan sahiblərinin yarımmüdafiəçisi Franko Vaskes vurub. 3 dəqiqə sonra isə "Selta"nın orta sahə oyunçusu Denis Suares bərabərliyi təmin edib.
Bununla da "Sevilya" cari mövsümdə ilk dəfə xal itirib. Xulen Lopeteginin baş məşqçi olduğu komanda əvvəlki turlarda "Qranada"ya 1:0, "Espanyol"a 2:0 hesabı ilə qalib gəlib. Hazırda əndəlüslülər 7 xalla turnir cədvəlinə başçılıq edirlər.
Qeyd edək ki, Avropa Liqasında A qrupunda yer alan "Qarabağ" "Sevilya" ilə sentyabrın 19-da evdə, noyabrın 28-də isə səfərdə görüşəcək. Bu qrupda Kipr APOEL-i və Lüksemburq "Düdelanj"ı da yer alıb.