"Düşünürəm ki, oyuna yaxşı başladıq. Yararlana bilmədiyimiz bir neçə şansımız oldu".
Sportnet.az "Sportske" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Xorvatiya millisinin futbolçusu Borna Barişiç Azərbaycan yığması ilə heç-heçə etdikləri (1:1) AVRO-2020-nin seçmə oyunundan sonra söyləyib.
27 yaşlı müdafiəçi Azərbaycan millisinin yaxşı oynadığını deyib: "Rəqibin yaxşı oynaması bizim səhvimiz idi. Onlar bu qolu vura bildilər. Görüş əslində Macarıstanla oyuna bənzəyir. İki qarşılaşmada 4 xal itirdik. Bu, gözlədiyimiz nəticə deyil. Xüsusən də, Slovakiyaya qarşı qələbə qazandığımız (4:0) oyundan sonra. Ancaq irəli baxıb, Macarıstanla növbəti matçı düşünməliyik. Bu oyunun ikinci hissəsində yaxşı deyildik. Meydanda əsəbilik var idi".
Xorvatiyanın müdafiəçisi Domaqoy Vida isə qarşılaşmada əla oynadıqlarını bildirib: "İki və ya üç qol imkanlarımız oldu. Komandada istəyin olmadığını deyə bilmərəm. Slovakiya ilə görüşdəki 4:0 hesablı qələbə də mümkün idi. İkinci qolu vura bilsəydik, həmin nəticə təkrarlanardı. Amma bunun asan olmayacağını bilirdik. Biz hər zaman çətin yolla getmişik. Yenə də belə edirik. Növbəti matçda Macarıstanı qəbul edəcəyik. Həmin qarşılaşmada özümüzü xilas etməyə çalışacağıq. Digər görüşlərin nəticələri bizi maraqlandırmır. Sadəcə öz oyunumuza baxmağa məcburuq".