Lüksemburq "Düdelanj"ı "Qarabağ"la Avropa Liqası matçında baş vermiş erməni təxribatına görə Azərbaycan klubundan rəsmən üzr istəyib.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı "Düdelanj" rəsmi "Twitter" hesabı vasitəsilə açıqlama yayıb. Açıqlamada klub təxribatla heç bir əlaqəsinin olmadığını bəyan edib: "Azərbaycandan gələn qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Məsələni araşdıracağıq".
Qeyd edək ki, “Düdelanj”la oyunun 30-cu dəqiqəsində "Qarabağ"ın vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib.