Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran “Qarabağ”ın 7 oyunda 7 qələbə qazanması çempionatın tarixinə düşüb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir. İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub olub.
Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.
1992 | Neftçi | 7 | 7 | 0 | 0 | 20-2 | 14 |
1994/95 | Neftçi | 7 | 7 | 0 | 0 | 26-3 | 14 |
1996/97 | Neftçi | 7 | 7 | 0 | 0 | 30-2 | 21 |
2000/01 | Neftçi | 7 | 7 | 0 | 0 | 22-2 | 21 |
2003/04 | Şəfa | 7 | 7 | 0 | 0 | 22-2 | 21 |
2007/08 | Xəzər Lənkəran | 7 | 7 | 0 | 0 | 16-2 | 21 |
2019/20 | Qarabağ | 7 | 7 | 0 | 0 | 17-1 | 21 |
Startdakı ardıcıl qələbələr üzrə rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə 12, 1994/1995 mövsümündə 10 (qələbəyə görə 2 xal verildiyi çempionatlar), 1996/1997 mövsümündə 9 qələbəni sıralayıb. “Şəfa”nın seriyası 8 oyun sürübsə, “Neftçi”nin son uğurlu startı və Lənkəran təmsilçisi 7 qələbə ilə kifayətlənib.