“Oyundan əvvəl bilirdik ki, necə rəqibə qarşı oynayacağıq. Müdafiə blokunda yaxşı çıxış etməliydik. Çünki “Qarabağ keyfiyyətli oyunçulardan qurulub”.
Sportnet.az verir ki, bunu "Sabah"ın baş məşqçisi postunda debüt edən Jelko Sopiç Premyer Liqanın XIII turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Xorvatiyalı mütəxəssis debüt matçını belə şərh edib: “Məşqlərdə futbolçulara nə göstəriş verilmişdisə, meydanda onu gördük. Futbolçularım meydanda öz ürəklərini ortaya qoydular. Fərdi cəhətdən rəqibin oyunçuları daha keyfiyyətlidi. Bu, müzakirəsiz belədi. Bu gün 4-4-2 sistemi ilə oynadıq. Amma mənim futbol fəlsəfəmdə taktikanın çox önəmi yoxdu. Oyunçularımın heç birinə irad bildirə bilmərəm. Çünki meydanda əllərindən gələni etdilər”.
- Ötən turda “Sabah”ın qələbəsində böyük rol oynayan Hendrik Ekşteyn və Ulis Diallo bu gün ehtiyatdan meydana daxil oldular. Bunun səbəbi nə idi?
- Bu taktikanı seçmişdim. Çünki onları meydana buraxsaydıq, müdafiə cəhətdən kompakt oynaya bilməyəcəkdik. “Səbail”ə də, digərlərinə də hörmət edirəm. Amma “Səbail”lə “Qarabağ” eyni deyil. Məsələn, İspaniya çempionatında “Xetafe” ilə “Real Madrid” və “Barselona”ya qarşı eyni taktika ilə çıxa bilməzsən.
- Gəlməzdən əvvəl Azərbaycan çempionatı ilə nə bağlı nə bilirdiniz, burada məqsədiniz nədi?
- Gəlməzdən əvvəl komandanın bütün oyunlarına, həmçinin “Qarabağ”ın avrokuboklardakı, “Neftçi”nin çempionat oyunlarına baxmışdım. Nikola Yurçeviç və Robert Prosineçkinin rəhbərliyi altındakı Azərbaycan millisinin oyunlarını izləmişdim. Amma əsas öz komandam barədə düşünürəm. Limit məsələsini bilirəm. Amma bu gün 3 legionerlə çıxış etdik. Mənim komandamda həmişə ən yaxşılar meydana çıxır. Bu gün meydana çıxan uşaqlar da ürəklərini ortaya qoydular. Rəqib baş məşqçini də təbrik etmək lazımdı. Çünki onlar meydanda daha uğurlu oldular. O ki qaldı məqsədə, “Sabah”ın çox gənc komanda olduğunu bilirəm. Klubun bütün komponentlərdə güclü olmasını istəyirəm. “Sabah”ın öz tərzinin olmasını arzulayıram.