
İdman Araşdırmalar Mərkəzi "İlin qalibləri-2019" layihəsi üzrə keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, də ardıcıl 7-ci ildir keçirilən sorğuya bu dəfə 56 KİV təmsilçisi qatılıb.
İlin İdman Xadimi nominasiyasında onlardan 4-ü bitərəf qalıb. 52 nəfərdən 25-i isə Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədova səs verib. Məmmədov ən yaxın izləyicisi - Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidenti Sadıq Sadıqovu 14 səs geridə qoyub.
İlin İdmançısı nominasiyasında şahmatçı Teymur Rəcəbova 56 respondentdən 30-u səs verib. Qadın güləşçi Mariya Stadnik ondan 7 səs geridə qalıb.
İlin Futbolçusu nominasiyasında Qazaxıstan "Tobol"unun və Azərbaycan millisinin qapıçısı Emil Balayev 26 səs yığaraq, ən yaxın izləyicisi Rusiyanın "Dinamo" (Moskva) klubunun və Azərbaycan yığmasını hücumçusu Ramil Şeydayev 14 səs üstələyib.
İlin Əcnəbi Futbolçusu kimi 56 respondentdən 40-ı "Qarabağ"ın cinah yarımmüdafiəçisi Abdullah Zubiri birinci yerə layiq görüb. Fransalı legioner ispaniyalı komanda yoldaşı Dani Kintananı 33 səs geridə qoyub.
İlin Baş Məşqçisi nominasiyasında 1 nəfər bitərəf qalıb. Əvəzində 55 nəfərdən 33-ü "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanova səs verib. Daha 10 səs isə qadın güləşi üzrə milli komandanın baş məşqçisi Aslan Ağayevə verilib.
İlin Komandası nominasiyasında Qadın şahmatçılardan ibarət Azərbaycan millisi 32 səslə birinci yeri tutub. "Qarabağ" isə yarıbayarı az səs toplayıb.
İlin İdman Qurğusu nominasiyasında 1 nəfər bitərəf qalıb. Qalan 55 nəfər 25-i Bakı Olimpiya Stadionuna, 17-si Milli Gimnastika Arenasına səs verib.
SORĞUNUN YEKUNU
- İlin İdman Xadimi: Mahir Məmmədov – 25 səs, Sadıq Sadıqov – 11 səs, Yaşar Bəşirov, Arif Rəhimov – hərəyə 5 səs, Namiq Əliyev – 3 səs, Tofiq Heydərov – 2 səs, Nağı Səfərov – 1 səs. Cəmi – 52 səs. Bitərəf – 4 səs
- İlin İdmançısı: Teymur Rəcəbov – 30 səs, Mariya Stadnik – 23 səs, Milad Beigi Harçeqani – 2 səs, Şərif Şərifov – 1 səs. Cəmi – 56 səs
- İlin Futbolçusu: Emil Balayev – 26 səs, Ramil Şeydayev – 12 səs, Bəhlul Mustafazadə - 9 səs, Mahir Emreli – 6 səs, Riçard Almeyda – 3 səs. Cəmi – 56 səs
- İlin Əcnəbi Futbolçusu: Abdullah Zubir – 40 səs, Dani Kintana – 7 səs, Davit Volkov – 4 səs, Xulio Sezar Rodrigez – 3 səs, Baqali Dabo – 2 səs. Cəmi – 56 səs
- İlin Baş Məşqçisi: Qurban Qurbanov – 33 səs, Aslan Ağayev – 10 səs, Reza Mehmandust – 4 səs, Joze Alesio Da Silva – 4 səs, Tərlan Əhmədov – 1 səs, Ruslan Maşurenko – 1 səs, Bahattin Kandaz – 1 səs, Roberto Bordin – 1 səs. Cəmi – 55 səs. Bitərəf – 1 səs
- İlin Komandası: Qadın şahmatçılardan ibarət Azərbaycan millisi – 32 səs, “Qarabağ” futbol komandası – 16 səs, cüdo üzrə yeniyetmələrdən ibarət Azərbaycanın qarışıq komandası – 4 səs, Aero-dans aerobika komandası – 2 səs, Futzal üzrə Azərbaycan milli komandası – 1 səs, “Qəbələ” futbol komandası – 1 səs. Cəmi – 56 səs
- İlin İdman Qurğusu: Bakı Olimpiya Stadionu – 25 səs, Milli Gimnastika Arenası – 17 səs, Tofiq Bəhramov adına Respublika stadionu – 5 səs, “Bakcell Arena” – 4 səs, Şamaxı Olimpiya Kompleksi – 2 səs, Heydər Əliyev adına Arena – 1 səs, “Sərhədçi” İdman Olimpiya Mərkəzi – 1 səs. Cəmi – 55 səs. Bitərəf – 1 səs.
Qeyd edək ki, qaliblər dekabrın 19-da Bakı Olimpiya Stadionunda "7 Qalib" adlı mərasimdə mükafatlandırılıblar.