
İngiltərənin "Çelsi" klubunun və Şotlandiya milli komandasının sabiq futbolçusu Pet Nevin "zadəganlar"ın sabibi Roman Abramoviçi öldürə bilərmiş.
Sportnet.az-ın məlumatına görə, bu barədə 56 yaşlı keçmiş yarımmüdafiəçinin özü "Mirror"a açıqlamasında bildirib. O deyib ki, avtomobillə hərəkət etdiyi vaxt velosipedlə gedən Abramoviçi az qala vuracaqmış.
Nevin hadisəni belə nəql edib: "3 il əvvəl Şotlandiyanın Arran adasında istirahət edirdim. Adanın şimal hissəsi ilə maşın sürürdüm. Ora istirahətə nə vaxt gedirəmsə, bütün adanı dolaşıram. Bir dəfə az qala velosiped sürən oğlanı vuracaqdım. Yalnız son anda reaksiya verdim. Yoxsa həmin oğlanı öldürəcəkdim. O, Roman Abramoviç idi. Abramoviçi öldürsəydim, görəsən, tarix necə olacaqdı? Ondan ötrü darıxacaqdım. Yaxtası sahildə idi, özü isə velosiped sürürdü. O, hələ də bilmir ki, bu, mən idim".
Qeyd edək ki, Pet Nevin "Çelsi"də 1983 - 1988-ci illərdə forma geyinib. Roman Abramoviç isə bu klubu 2003-cü ilin yayında alıb.