
"Qəbələ"nin sabiq futbolçusu Davronjon Erqaşev Özbəkistan "Bunyodkor"u ilə müqavilə bağlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə tacikistanlı müdafiəçinin son klubu olan "Xucand"ın rəsmi saytında bildirilir. Onunla sözləşmənin müddəti açıqlanmır.
Erqaşev "Qəbələ"də 2013/2014 mövsümünün ikinci yarısında forma geyinib. O, 2019-cu ildə Tacikistanın ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, "Bunyodkor" hazırda Asiya Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparır.