"İlk 60 dəqiqədə sərgilədiyimiz oyundan məmnun qaldım. Bu gün bir neçə gənc futbolçunun əsas komandanın heyətində meydana çıxması sevindirici haldır".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Jelko Sopiç Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Macarıstan "Pakş"ına 0:2 hesabı ilə uduzduqları yoxlama matçı barədə danışarkən deyib. Sopiç bildirib ki, bu görüşdə çempionatdakı gənc futbolçu limitinə uyğun 10 futbolçu ilə çıxış ediblər: "Gənc futbolçularla Macarıstanın yüksək liqa təmsilçisinə qarşı oynamağın çətin olacağını bilirdim. Lakin onlar məşqlərdə çox yaxşı iştirak etmişdilər və şans qazanmağa layiq idilər. Gənc futbolçularımıza görə sevinirəm və ilk 60 dəqiqədə sərgilədiyimiz oyuna əsasən, gələcək üçün nikbinəm".
Qeyd edək ki, bu, "Sabah"ın ilk yoxlama matçı olub.