
Türkiyənin "Qalatasaray" klubu 21 ildən sonra əzəli rəqibi "Fənərbağça"ya səfərdə qalib gəlib.
Sportnet.az-ın məlumatına görə, bu, Super Liqanın XXIII tur matçında baş verib. "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşmadan "sarı-qırmızılar" 3:1 hesablı qələbə ilə ayrılıblar.
Hesabı 21-ci dəqiqədə meydan sahiblərindən penalti ilə Maks Kruze açıb. 40-cı dəqiqədə Rayan Donk "Qalatasaray"ın bərabərlik qoluna imza atıb. İkinci hissədə "Cim-Bom" daha 2 qol vurub. 80-ci dəqiqədə Radamel Falkao penalti ilə, 90+7-ci dəqiqədə isə Henri Onyekuru fərqlənib.
Baş hakim Halil Meler "Fənərbağça"nın 5, "Qalatasaray"ın 6 futbolçusuna sarı vərəqə göstərib. O, eyni zamanda, meydan sahiblərindən Deniz Türüçü 85-ci dəqiqədə birbaşa, qonaqlardan isə Yunes Belandanı 84-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovub. Meydanda futbolçular arasındakı gərginlik üzündən referi ikinci hissəni 11 dəqiqə uzatmalı olub.
Bu qələbə sayəsində xallarını 45-ə çatdıran "Qalatasaray" 45 xalla 2-ci pilləyə yüksəlib. "Sarı-qırmızılar" eyni xala malik "Trabzonspor" və "Sivasspor"la ilk 3 pilləni bölüşürlər. 38 xala malik "Fənərbağça" isə 6-cıdır.