İngiltərənin "Çelsi" klubu fransalı yarımmüdafiəçi N Qolo Kanteni satmaq niyyətindədir.
Sportnet.az-ın "90min" portalına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçiyə əsas iddiaçılar İspaniya "Real Madrid"i ilə Fransa PSJ-sidir. "Transfermarkt" Kantenin hazırkı qiymətinin 80 milyon avro olduğunu yazıb. Fransalı oyunçunun "zadəganlar"la müqaviləsi 2023-cü il iyunun 30-dəkdir.
Bu mövsüm Kante "Çelsi"nin heyətində 22 oyuna 3 qol vurub. O, London klubuna 2016-cı ilin yayında İngiltərə "Lester"indən keçib. Təcrübəli futbolçu Fransanın "Kan" və "Bulon" komandalarında da forma geyinib və ölkə yığmasının heyətində 39 oyuna 1 qol vurub.
Qeyd edək ki, N Qolo Kante "Çelsi" və "Lester"in heyətində İngiltərə çempionu, "zadəganlar"ın heyətində Avropa Liqasının və ölkə kubokunun qalibi, Fransa millisi ilə isə dünya çempionu olub.