Bakının AZAL klubu ev
oyunlarında uğursuz seriyaya son qoyub. Sportnet.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XIV turunda
"Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri mövsümdə
ilk dəfə doğma meydanda qələbə qazanıb.
AZAL ötən mövsümün ikinci yarısında da ev matçlarında qalib gələ bilməmişdi. Bu isə o deməkdir ki,
paytaxt təmsilçisi 2014-cü ildə ilk dəfə qonaqları xalsız qoya bilib.
Bakılıların evdəki son qələbəsi 2013-cü il dekabrın 20-də qeydə alınmışdı. 344
gün əvvəl "Neftçi”ni 2:1 hesabı ilə yenən AZAL sonrakı 15 görüşdə qələbəyə
həsrət qalmışdı: 8 heç-heçə, 7 məğlubiyyət.
Evdə 15 oyunluq qələbəsizlik Azərbaycan çempionatları tarixində 6-cı nəticədir. "Şəfa” 21, MOİK 20 (2005-06), "Bakı” (2001-03) və "Bakılı” (2007-08) 19, "Simurq” (2010-11) 16 oyunluq seriya ilə daha pis nəticə göstərib.