"Bəlkə də bu pandemiya futbolumuz üçün dönüş nöqtəsi olacaq, futbolçular öz üzərlərində daha çox işləyəcəklər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov CBC Sport-a açıqlamasında deyib. 38 yaşlı müdafiəçi oynamaq istədiklərini, amma bütün qərarlara hazır olduqlarını bildirib: "Biz futbolçular istəyirik ki, çempionat təmiz idman prinsipləri ilə başa vurulsun. Düzdür, xal fərqi ilə hamıdan irəlidəyik. Amma digər klubların da haqları, idman prinsipləri var.
Çempionun elan olunmasını istəməzdik. Bunu digər rəqiblərə qarşı haqsızlıq kimi görürük. Amma idmandan öncə millətimizin, xalqımızın sağlığı gəlir. Nə qərar, nə məsləhət olacaqsa, ona əməl edəcəyik. Bu gün çempionatın davam etdirilməsinə qərar verilib. Lakin hər gün statistikaya, göstəricilərə baxılır. Qərarlar da bunlara uyğun olaraq, hər an dəyişilə bilər. Biz hər şeyə hazırıq".