
Azərbaycan Premyer Liqasında məğlubiyyətsiz komanda qalmayıb.
Sportnet.az-ın məlumatına görə, son olaraq, IV turun oyununda "Keşlə" evdə "Zirə"yə uduzub - 2:3. Bu matçadək "Keşlə" 3 oyundan 2-də "Qarabağ" və "Qəbələ" ilə görüşlərdə qolsuz heç-heçə etmiş, "Sumqayıt" üzərində isə minimal hesablı qələbə qazanmışdı. Komanda qapısından 1 top belə buraxmamışdı.
Bu nəticəyədək "Sumqayıt", "Zirə", "Neftçi", "Qarabağ" və "Qəbələ"nin hərəyə 1, "Sabah"ın 2, "Səbail"in 3 məğlubiyyəti var idi. Uduzmasına baxmayaraq, "Keşlə" ən az - top buraxan komanda kimi qalır.
Qələbələri isə "Qəbələ"dən başqa bütün komandalar qazanıblar. "Sumqayıt", "Zirə", "Sabah" və "Neftçi" hərəyə 2, "Qarabağ" və "Keşlə"nin hərəyə 1 qalibiyyəti var. Son olaraq, belə bir uğura "Səbail" "Sabah"la oyunda imza atıb - 2:1. "Qırmızı-qaralar" bu gün Bakıda "Neftçi"ni yenə bilməsələr, cari mövsümdə qələbəsiz oyunlar seriyasını 4-ə çatdıracaqlar və turu sonuncu pillədə başa vuracaqlar.