"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə mübarizə aparacaq.
Sportnet.az-ın məlumatına görə, bu komandalardan yalnız Təl-Əviv təmsilçisi qrupa təsnifat mərhələsindən gəlib. Digər 2 kollektiv isə bu mərhələyə birbaşa vəsiqə qazanıb.
İspaniyanın köklü klublarından olan "Vilyarreal"ın əsası 1923-cü ildə qoyulub. 97 yaşlı komanda ev oyunlarını 25 min azarekeş tutumuna malik "Estadio de la Seramika" stadionunda keçirir. Klubun ləqəbi "sarı sualtı qayıq"dır. "Vilyarreal"a ispaniyalı mütəxəssis Unay Emeri başçılıq edir. İspaniyalı baş məşqçi ikinci dəfə "Qarabağ"a qarşı mübarizə aparacaq. 2018/2019 mövsümündə Emerinin baş məşqçisi olduğu İngiltərə "Arsenal"ı Avropa Liqasında Azərbaycan çempionu ilə eyni qrupda yer almış, Bakıda 3:0, Londonda 1:0 hesablı qələbə qazanmışdı. Həmin mövsüm o həm də "Arsenal"ı Bakıya "Çelsi" ilə final oyununa gətirərək, məğlubiyyətə şahidlik etmişdi - 1:4. "Vilyarreal" avrokuboklarda ən böyük uğuruna 2003-cü ildə finalda Niderland "Herenven"ini məğlub edərək İntertoto kubokunu qazanmaqla nail olub.
"Köhlən atlar"ın qrupdakı digər rəqibi olan "Makkabi" İsraildə 2019/2020 mövsümünün çempionudur. 23-cü dəfə bu titula sahib çıxan Təl-Əviv təmsilçisi 1906-cı ildə yaradılıb. Paytaxt klubu rəqiblərini "Blumfild" stadionunda qəbul edir. Arenanın azarkeş tutumu 30 000 nəfər, komandanın baş məşqçisi Donis Yorqosdur. Ləqəbi "sarı şeytanlar" olan "Makkabi" 2017/2018 mövsümündə "Vilyarreal"la Avropa Liqasında eyni qrupda mübarizə aparıb. İsrail təmsilçisi səfərdə rəqibinə minimal hesabla qalib gəlib. Komanda Çempionlar Liqasının pley-offunda Avstriya "Zaltsburq"una uduzaraq birbaşa Avropa Liqasının qrup mərhələsində oynamaq şansı qazanıb.
I qrupunun ən gənc komandası "Sivasspor"dur. 1967-ci ildə təsis olunmuş klub, adından da bəlli olduğu kimi, Sivas bölgəsini təmsil edir. Komanda ev matçlarını 27 500 nəfərlik "Sivas 4 Eylül (snetyabr)" stadionunda keçirir. Rıza Çalımbayın başçılıq etdiyi komandanın ləqəbi "igidlər"dir. Kolektiv ötən mövsüm Türkiyə Super Liqasını 4-cü sırada başa vurub. 3-cü pillənin sahibi "Trabzonspor" avrokuboklardan kənarlaşdırıldığı üçün sivaslılar birbaşa qrupa vəsiqə qazanıblar.
Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.