UEFA 2020/2021 mövsümündə avrokubokların mükafat fondunu və gəlirlərin klublar arasında bölüşdürülmə mexanizmini açıqlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu mövsüm Çempionlar Liqası və Avropa Liqasının mükafat fondu 1,95 milyard avro təşkil edəcək.
Klublara verilən ümumi ödənişlər dörd kateqoriyaya bölünür. Bunun 25%-i (488 milyon avro) ilkin, 30%-i (585 milyon avro) nəticələr üçün sabit, 30%-i (585 milyon avro) komandanın son on ildəki performans reytinqinə görə, 15%-i isə (292 milyon avro) marketinq hovuzunun payına düşən ödənişlərdir.
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 32 klubun hər biri 15,25 milyon avro qazanacaq. 1/8 finala yüksələn komandaya daha 9,5 milyon avro ödəniş ediləcək. 1/4 finalın iştirakçıları 10,5, yarımfinala adlayanlar 12 milyon avro əldə edəcək. Finala çıxmağın mükafatı 15 milyon avrodur. Turnirin qalibi isə əlavə 4 milyon avronun sahibi olacaq. Superkubok matçında iştiraka görə hər 2 komandaya 3,5 milyon avro, qələbə qazanan tərəfə isə əlavə 1 milyon avro veriləcək.
Avropa Liqasının qrup mərhələsinin iştirakçılarına isə ümumilikdə 560 milyon avro ayrılacaq. Qrupda iştiraka görə hər kluba 2,92 milyon avro ödəniş ediləcək. Pley-off mərhələsinin və finalın mükafat bölgüsü isə bu cürdür: 1/16 final - 500 000 avro, 1/8 final - 1,1 milyon avro, 1/4 final - 1,5 milyon avro, yarımfinal - 2,4 milyon avro, final - 4,5 milyon avro. Avropa Liqasını qazanan komanda əlavə 4 milyon avro qazanacaq. Son 10 ilin reytinqində ən zəif göstəriciyə malik klub 71 430 avro, ən yaxşı kollektiv isə 3,42 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, bu mövsüm Azərbaycanı Avropa Liqasının qrup mərhələsində "Qarabağ" təmsil edəcək. I qrupunda yer alan Ağdam təmsilçisi pley-offa vəsiqə uğrunda İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" komandaları ilə mübarizə aparacaq.