Azərbaycanda stadionların ot örtüyünə qulluq edən, bir müddət öncə isə ölkəmizdən ayrılan Fil Şarples Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutmasına münasibət bildirib.
İngiltərəli mütəxəssis Sportnet.az-a açıqlamasında bunu terror hadisəsi adlandırıb. O, beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa çağırıb:
"Ermənistanın Azərbaycana raket hücumlarını oxuyanda şoka düşdüm. Onlar özlərinə məxsus olmayan əraziləri işğal etdikləri azmış kimi, indi də dinc əhalinin yaşadığı şəhərləri bombalayır, günahsız insanları öldürür və yaralayırlar. Ermənistan hökuməti terror təşkilatı kimi davranır. Ümid edirəm ki, beynəlxalq qurumlar bu cür hallara son qoymaq üçün lazımi addımı atacaqlar".
Ailəsi ilə birlikdə Azərbaycan üçün dua etdiyini söyləyən Şarples işğal olunmuş torpaqların azad ediləcəyinə inandığını vurğulayıb: "Dağlıq Qarabağ sizindir. Ona görə də həmin əraziləri işğaldan təmizləmək haqqınızdır".
Qeyd edək ki, Fil Şarples Azərbaycanda Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib.