"Bu matçda həm Türkiyə, həm də özümüz üçün qalib gəlməyimiz lazım idi. Bu qədər zədə və itkilərə rəğmən, komandam mükəmməl mübarizə apardı".
Sportnet.az-ın məlumatına görə, bunu Türkiyə "Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I qrupunun IV tur matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis son iki turda İspaniya "Vilyarreal"ı və İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəkləri oyunların böyük əhəmiyyətə mindiyini vurğulayıb.
Çalımbay sıx qrafiklə çıxış etdiklərini diqqətə çatdırıb: "Superliqada 21 komandanın mübarizə aparması çox ağırdır. Başqa vaxt 25-30 klub çıxış etsə belə, çempionatı avqustda bitirmək olardı. Amma indi Avropa çempionatı ilə əlaqədar liqalar mayın 15-dək başa çatdırılmalıdır. Yəni, qrafikimiz getdikcə sıxlaşmaqdadır. Qrupdan çıxsaq, daha sıx qrafiklə üzləşəcəyik".