Qəbələ” klubunun futbolçuları 2015-ci ilə böyük ümidlər bəsləyirlər. Sportnet.az xəbər verir ki, əyalət təmsilçisinin üzvləri klubun rəsmi saytına açıqlamalarında 2014-cü illə bağlı xatirələrini və qarşıdan gələn il üçün arzularını bildiriblər.
Dodo: "2014-cü il "Qəbələ”ni mənə bir az da doğmalaşdırdı. Doğma komandamda 4-cü ilimi tamamladım. Arxada qoyduğumuz il xoş xatirələr və böyük həyəcanla yadda qaldı. Premyer Liqanın bürünc medallarını qazandıq, Azərbaycan Kubokunun finalına qədər irəlilədik, ilk dəfə Avropa Liqasında çıxış etdik. "Qəbələ” ilə bu ilkləri yaşamaq çox gözəl idi. Şəxsi həyatımda da yaddaqalan hadisələr baş verdi. Atalıq sevinci yaşadım, oğul övladım dünyaya gəldi. Növbəti – 2015-ci ilin də uğurlu olmasını arzulayıram. "Qəbələ”ni layiq olduğu yerlərə daşımağa borcluyuq. İstəyirəm ki, komandamız yenidən Avropa miqyaslı turnirlərdə oynamaq hüququ qazansın. Və biz bu şansdan layiqincə yararlanaq”.
Elvin Camalov: "2014-cü il futbolçu karyeramda ən yaddaqalan illərdən oldu. Məhz bu zaman kəsiyində əsas komandada möhkəmlənməyə başladım, ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Qəbələ”nin heyətində beynəlxalq oyunlara çıxdım, Azərbaycan U-21 yığmasına dəvət aldım. Ötən mövsüm çox oyun keçirməsəm də, o heyətdə yer almaq mənə çox şey qazandırdı. Hazırda olduğum yerdən çox razıyam. "Qəbələ”nin üstümdə əməyi çoxdur. Oyunumla, intizamımla mənim üçün çəkilən zəhmətin qarşılığını verməyə çalışıram. Komandamızda yeni baş məşqçi var, yeni ildə yeni səhifə açacağıq. İnanıram ki, o səhifədə mənim də adım olacaq. 2015-ci ilin karyeramda yüksəliş ili olmasını arzulayıram”.
Ruslan Abışov: "2014-cü ili karyera baxımından uğurlu olduğunu deyə bilmərəm. Tez-tez zədələrlə üzləşdim, istədiyim oyunu nümayiş etdirə bilmədim. 2015-ci ilin daha uğurlu və düşərli olacağına inanıram. Ümid edirəm ki, 2014-cü ildəki xoşagəlməz hallar 2015-ci ildə təkrarlanmayacaq. Özümə, kollektivə, ailəmə və xalqımıza bol uğur və sağlamlıq diləyirəm”.
Ürfan Abbasov: "2014-cü ili uğurlu hesab etmək olar. Məhz bu il komandamız çempionatın bürünc medallarına sahib oldu. Həm də kubokun finalına vəsiqə qazandıq. Düzdür, cəzalı olduğuma görə finalda meydançaya çıxa bilmədim. Amma kənardan o atmosferi izləmək, o həyəcanı yaşamaq çox gözəl idi. 2014-cü ilin mənim üçün xoşagəlməz tərəfləri də oldu. Bir neçə dəfə zədə aldım, uzun müddət yaşıl meydanlardan uzaq qaldım. 2015-ci ildən isə yalnız uğur gözləyirəm. Yeni baş məşqçimiz var. İnanıram ki, o yaxşı kollektiv formalaşdıra biləcək və biz mövsümü uğurlu nəticələrlə yekunlaşdıracağıq. Bir də ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərib milli komandamıza dəvət alacağam. Bu, ən böyük arzumdur”.
Anar Nəzirov: "2014-cü il "Qəbələ” ailəsi üçün xoş hadisələrlə zəngin oldu desəm, yəqin ki, yanılmaram. Klub tarixində ilk dəfə medalçılar sırasına düşdü, Azərbaycan kubokunun finalında oynadı və Avropa Liqasında çıxış etdi. Karyeramda ilk dəfə medal qazandım. Təbii ki, həm kubokun finalında, həm də Avropa Liqasında istədiyimiz kimi çıxış edə bilməməyimiz bizə pis təsir etdi. Amma neyləmək olar, futbolda qalibiyyət olduğu kimi, məğlubiyyət də var. 2015-ci ilin həm mənim, həm "Qəbələ”, həm də xalqımız üçün düşərli və uğurlu olacağına inanıram”.
Cavid Hüseynov: "2014-cü il mənim üçün maraqlı hadisələrlə zəngin oldu. 2013-2014-cü illər mövsümündə "Bakı”nın heyətində 6 qol vurdum. Bu, karyeramda ən çox qol vurduğum mövsüm idi. Sonra gözlənilmədən eks-komandamda vəziyyət dəyişdi. Ardından isə ilin mənim üçün ən yaddaqalan hadisələrindən, bəlkə də, ən əsası baş tutdu - "Qəbələ”yə keçidim reallaşdı. Hazırda komandamız istədiyimiz mövqedə qərarlaşmayıb. Amma hər şeyi dəyişmək üçün imkanlarımız var. Bunu da 2015-ci ildə həyata keçirəcəyik. 2015-ci ildən bol uğur gözləyirəm. İnanıram ki, həm klub, həm də milli komanda səviyyəsində özümü yaxşı tərəfdən göstərə biləcəyəm”.
Sadiq Quliyev: "2014-cü il bir gənc futbolçu kimi karyeramda qeyri-stabil il oldu. Bəzən əsas, bəzən isə əvəzedici komandanın heyətində yer aldım. Amma itirdiyim bir şey olmadı, hər vəziyyətdən yararlı nəticələr çıxarmağa çalışdım. Xoş hadisələr də az olmadı, komandamızın uğurlarının içində oldum, U-21 millimizə dəvət aldım. Qarşıda məni karyera baxımından çətin və maraqlı günlər gözləyir. Hər şey özümdən asılıdır. "Qəbələ”də hər zaman sağlam rəqabət mühiti olub. Mən də şəraitdən yararlanıb əsas komandada möhkəmlənməyə, "Qəbələ”yə xeyir verməyə çalışacağam. Gələn ilin həm komandamız, həm də mənim üçün uğurlu olmasını diləyirəm”.
Ruslan Əmircanov: "2014-cü ilin özüm üçün həm uğurlu, həm də uğursuz hesab edirəm. Ötən mövsüm "İnter”in heyətində gümüş medalları qazandıq. Amma belimdən aldığım ağır zədə bu sevincə kölgə saldı. Sonra "Qəbələ”yə keçidim baş tutdu. Zədə epidemiyası məni "Qəbələ”də də izlədi. 3 aydır ki, futbol oyanıram. Karyeramda zədədən ilk dəfədir ki, bu qədər əziyyət çəkdim. İnanıram ki, bütün uğursuzluqları 2014-ci ildə qoyacağam. 2015-ci ilin sabit və zədəsiz olmasını arzulayıram. Hazırda komandamız istədiyimiz mövqedə deyil. 2015-ci ildə çalışıb "Qəbələ”ni layiq olduğu yerlərə gətirməliyik”.
Bəxtiyar Soltanov: "2014-cü il mənim üçün uğurlu keçdi. "Araz Naxçıvan”la I Diviziondan Premyer Liqaya vəsiqə qazandıq. Vəzifəmizin öhdəsindən layiqincə gəldik, hədəfimizə çatdıq. Həmin müddətdə yaşadıqlarım həm də böyük dərs oldu. Etdiyim səhvlərin karyerama nə dərəcədə zərər vurduğunu anladım. I Divizionda çıxış edərkən sanki futbol həyatımın əvvəlinə qayıtmışdım. Şükürlər olsun ki, hazırda hər şey yüksələn xətt üzrə davam edir. Komandamız istədiyimiz yerdə olmasa da, 2015-ci ilin startından sabit çıxış edəcəyimizə və vəziyyəti öz xeyrimizə dəyişəcəyimizə inanıram”.